• 29 Sentyabr 2020
logo
Zahid Oruc: “İctimai rəy sorğusuna əsasən, Azərbaycanın uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında olduğunu əminliklə söyləyə bilərik”

Zahid Oruc: “İctimai rəy sorğusuna əsasən, Azərbaycanın uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında olduğunu əminliklə söyləyə bilərik”

“Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır”.

Bunu Azərbaycan Prezidentinin ilin ikinci rübündə - aprel, iyun ayları ərzindəki fəaliyyətinin əks olunduğu “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı və “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusuna dair hesabatın ictimai təqdimatına həsr olunan brifinqdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Z. Oruc bildirib ki, dünyada koronavirus pandemiyası ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoyub: “Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə, həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər. Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük.

Onlar soruşub ki, böhran şəraitində liderlər nə dərəcədə milli birliyi təmin edə bildilər?

Öz millətinin taleyini üzərinə götürərək daxili və beynəlxalq əməkdaşlıq şəraitində, milli sərhədlər daxilində mərkəzi hakimiyyətin-yəni, dövlətin vahidliyini nə dərəcədə qoruyub saxlamağa nail oldular? Xalqın sağlığını və təhlükəsizliyini qorumaq üçün məsuliyyəti öz çiyinlərində saxlayan rəhbərlər onu müxtəlif dövlət, hökumət və yerli orqanların üstünə atmağa deyil, əksinə onların monolitliyini təmin edə bildilərmi? Hər bir xalqın, ayrıca fərdin davranışlarında baş qaldıran yeni sosial-psixoloji və siyasi dəyişikliklərə-əksər hallarda özünü qabarıq göstərən millətçilik və tarixi yaddaşın oyanması fonunda pandemiyadan tədricən çıxmaq kursunu seçərək, iqtisadiyyatın, sosial həyatın, iş yerlərinin və məşğulluğun, bir sözlə normallaşma tədbirlərinin hesabına ictimai əmin-amanlığı və sülhü qorumaq mümkün oldumu?”

STM rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz millətinin çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi, buna görə də onun xarizması, nüfuzu xalq arasında güclü olaraq qalır: “Bu nüfuz, əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri hörmətli Mehriban xanım haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım, dövlət və milli həyatın bütün sahələrində prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu.

Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, məlum olduğu kimi, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb. Təqdim edilən növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili ifadəsini tapıb”.

Zahid Oruc deyib ki, təqdim olunan hesabatdan görünür ki, qeyd olunan zaman intervalında dünyəvi sınaqdan qətiyyətlə çıxan ölkələr yeni reallığın tələb etdiyi islahatlarla daha da güclənəcək: “Digər qrup ölkələr isə, əksinə, zəif rəhbərliyinə görə ağır vəziyyətə düşəcək, yoxsulluq, qeyri-sabitlik və iqtisadi durğunluqla üzləşəcək. Narahatlıq doğuran məqam həm də odur ki, ikinci qrup ölkələrin sayı birincilərdən daha çox olacaq. İctimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla, uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın olmasını əminliklə söyləyə bilərik. Bunu deməyə əsas verən dünyada pandemiyanın başladığı bir ilə yaxın müddətdə tədqiqatçı və ekspertlərin pandemiya ilə uğurlu mübarizəni müəyyən edən 3 əsas amili aşkara çıxarmasıdır: Siyasi lider amili; Dövlətin potensial resurs, güc və imkanları; İctimai inam və etimadın mövcudluğu”.

Z. Oruc əlavə edib ki, pandemiya böhranından çıxmağa və sonrakı güclü inkişafa təkan verəcək bu “uğur faktorları”nın 3 sütununa malik olan ölkələrdə vətəndaşların etibar etdiyi və güvəndiyi siyasi liderlər çevik strateji idarəçiliyi bərqərar etməklə, pandemiyanın vurduğu zərbələri neytrallaşdırmağa qabil olurlar: “Qarşılıqlı etimadın və milli birliyin olduğu cəmiyyətlərdə bu keyfiyyətlər koronavirus fonunda tamamilə yeni dəyər yaradır, milli gücə çevrilir. Pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi seçimlərlə üz-üzə qalıb. “Vətəndaşların sağlamlığını, yoxsa iqtisadiyyatın xilas ediləcəyini” seçim edərkən, müxtəlif dövlətlər müxtəlif seçimlər etdi. Azərbaycanın dövlət başçısı isə bəyan etdi ki, insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan rəhbərliyinin vətəndaşların sağlamlığını, rifahını və təhlükəsizliyini strateji prioritet olaraq önə çəkməsi yaranmış vəziyyətdə verilmiş ən düzgün qərarlardan oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün antiböhran fəaliyyətin məzmunu - iqtisadi dəstək proqramları, sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşasına qədər həyata keçirilən tədbirlər məhz bu məqsədə - vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət edir”.