• 25 Sentyabr 2020
logo
Məktəbəhazırlıq qruplarında şagird sıxlığı müəyyənləşib

Məktəbəhazırlıq qruplarında şagird sıxlığı müəyyənləşib

Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə əmr imzalayıb.

Əmrdə bildirilir ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Əmrdə deyilir ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynə məlumat verilir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).