• 20 Sentyabr 2020
logo
Səhiyyə Nazirliyi: Yaxın günlərdə təhsil ocaqlarında sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydaları ictimaiyyətə açıqlanacaq

Səhiyyə Nazirliyi: Yaxın günlərdə təhsil ocaqlarında sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydaları ictimaiyyətə açıqlanacaq

Avqustun 31-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə həsr olunmuş ÜST-ün Avropa bölgəsindəki ölkələrin Səhiyyə Nazirləri və nazirliklər nümayəndələrinin iştirakı ilə onlayn müzakirələr təşkil olunub. Onlayn formatda keçirilmiş görüş zamanı tədbirin əsas mövzusu ətrafında təcrübə mübadiləsi aparılıb, fikir və düşüncələr bölüşülüb və müxtəlif məsələlər müzakirə olunub. İtaliyanın Səhiyyə Naziri Roberto Sperenzanın təşəbbüsü ilə həyata keçirilən onlayn görüş zamanı bir neçə iştirakçı ölkənin nümayəndələri bu məsələyə aid öz təcrübələrini bölüşüblər. BMT-nin Uşaq Fondunun (UNICEF), BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı (UNESCO), ÜST-ün Baş qərargahının və ÜST-ün Əməkdaşlıq Mərkəzlərinin ekspertləri də öz biliklərini bölüşüb və müzakirələrin koordinatorları kimi çıxış edib.

Azərbaycan Respublikasını təmsil edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Sabinə Babazadə öz çıxışı zamanı onlayn görüş çərçivəsində aparılan müzakirə nəticələrinin ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən hazırlanan hesabatda öz əksini tapacağını bildirib. Bu hesabat COVID-19 pandemiyası dövründə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin planlaşdırması və təşkili kontekstində milli təhsil və səhiyyə qurumları üçün istinad sənədi və praktik məsləhət mənbəyi vasitəsi olacaq.

Beləliklə, yaxın günlərdə Səhiyyə və Təhsil nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidemioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müəyyən edilib, ictimaiyyətə açıqlanacaq. Həmçinin, bütün təhsil işçiləri, valideynlər və məktəbliləri narahat edən ən aktual suallar cavablandırılacaq:

• Uşaqların COVID-19-dan qorunmasına dair hansı tədbirlər nəzərdə tutulub?

• Qripdən məcburi surətdə peyvənd olunacaq?

• Məktəblərdə zənglər və tənəffüs vaxtları necə tənzimlənəcək?

• Məktəblərdə yeməkxana, tibbi kabinet və soyunub-geyinmə otaqlarının fəaliyyəti necə qurulacaq?

• Fiziki tərbiyə dərslərinin təşkili necə həyata keçiriləcək?

• Günü uzadılmış qrupların fəaliyyəti necə qurulacaq?

• Məktəb dərnəkləri və seksiyaların fəaliyyəti necə təşkil olunacaq?

• Valideyn iclasları necə keçiriləcək?

• İndividual gigiyena vasitələrindən istifadə təşkil olunacaq?

• Məktəblinin COVID-19 virusuna yoluxması təqdirdə nə tədbirlər görüləcək?

• Sinif və ya məktəbin bağlanması hansı hallarda tətbiq ediləcək?

• Müəllimlər COVID-19 testindən keçiriləcək?

Pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün çox vacib və əhəmiyyətlidir. Lakin eyni zamanda, müvafiq tədbirlər barədə qərarların dərhal verilməsi və həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Hazırda bir sıra ölkələr qarşısında koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılma məqsədi qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə qeyd edib ki, COVID-19 pandemiyası şəraitində təhsil və səhiyyə sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli, yeni prosedurların hazırlanmasına ciddi önəm verməlidir.