• 18 Oktyabr 2021
logo
Mərkəzi Gömrük Hospitalı COVİD-19-la bağlı test kampaniyasına başladı

Mərkəzi Gömrük Hospitalı COVİD-19-la bağlı test kampaniyasına başladı

Aviabileti olan sərnişinlər indi Mərkəzi Gömrük Hospitalında da yeni növ koronavirus (COVID-19) testindən keçə bilərlər.

Mərkəzi Gömrük Hospitalından verilən məlumata görə, hospitalın PZR laboratoriyası aviabileti olan sərnişinlərə yeni növ koronavirus (COVID-19) testindən keçmək xidmətini göstərir: "PZR testinin verilməsi üçün sərnişinlərin əvvəlcədən Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) zəng vuraraq qeydiyyatdan keçməsi mütləqdir. Qeydiyyatdan keçmiş sərnişinlər Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə uçuşdan 48 saat əvvəl PCR testindən keçə bilərlər.

PCR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur. Eyni zamanda, PZR laboratoriya səyyar xidməti də göstərir. Pasiyentin ünvanından koronavirus (COVID-19) testi üçün nümunə götürülür. Daha test vermək üçün sərnişinin Hospitala gəlməsinə ehtiyac qalmır.

Qaydalara uyğun olaraq yalnız test nəticəsi neqativ olan sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava limanından uçuşlara buraxılır. Həmçinin, test nəticəsi ingilis dilində də təqdim oluna bilər. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 nümunə əldə etməyə imkan verir.

Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.