• 20 Aprel 2024
logo
AMEA-da su təsərrüfatının yaxşılaşdırılması üzrə İşçi Qrup yaradılıb

AMEA-da su təsərrüfatının yaxşılaşdırılması üzrə İşçi Qrup yaradılıb

Avqustun 14-də AMEA-nın Yer Elmləri Bölməsinin Elmi Şurasının onlayn iclası keçirilib.

AMEA-dan bildirilib ki, iclasda ölkə başçısının 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrlə bağlı məsələlər müzakirə olunub.

Akademik İbrahim Quliyev sözügedən sənədə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın təsdiq olunduğunu deyib. Qeyd edib ki, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların miqdarının azalması, kənd təsərrüfatının inkişafı, əhalinin sayının artması ilə içməli suya olan təlabatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Akademik ölkə başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həllinə AMEA alimlərinin də cəlb edildiyini söyləyib. Onun sözlərinə görə, akademiyanın mütəxəssisləri alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, eləcə də “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsinin hazırlanması ilə bağlı təkliflər hazırlamalıdır.

Vurğulanıb ki, bu gün suya olan təlabatın ödənilməsi üçün nəzərdə tutulan su anbarlarının yaradılması prosesinə AMEA alimləri də cəlb edilməli, ərazinin müəyyən olunması, eləcə də geoloji və tektonik quruluşunun öyrənilməsi işlərində yaxından iştirak etməlidirlər.

İclas zamanı diqqətə çatdırılıb ki, bölmənin Geologiya və Geofizika, Coğrafiya institutlarında və Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycanın yeraltı su ehtiyatları, göllərin ekoloji monitorinqi və Taxtakörpü su anbarının mövcud vəziyyəti ilə bağlı tədqiqatlar aparılıb.

Bundan əlavə, suyun keyfiyyəti və idarə olunması, təkrar emalı, alternativ su mənbələrinin axtarışı zamanı ekologiyaya ziyan vurulmasının qarşısının alınması istiqamətində ciddi işlərin aparılmasının zəruriliyi vurğulanıb.

İclasda şura üzvlərindən ibarət İşçi Qrup yaradılıb, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq Rəyasət Heyətinə göndərilməsi qərara alınıb.

Sonda AMEA-nın Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişikliklər edilib.