• 28 Mart 2024
logo
Dövlət Komitəsi: Ağdamdan olan məcburi köçkünün müraciəti nəzarətə götürülüb

Dövlət Komitəsi: Ağdamdan olan məcburi köçkünün müraciəti nəzarətə götürülüb

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.

Dövlət Komitəsindən verilən məlumata görə, ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə səfər edilib və müvafiq maddi yardımlar göstərilib.

R. Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlüklə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırıb.

Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqədən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.

Bu gün də Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilib. Bildirilib ki, Dövlət Komitəsi R. Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaq.