• 19 Mart 2024
logo
"Azercell" LTE şəbəkənin əhatəsini 85% genişləndirilib

"Azercell" LTE şəbəkənin əhatəsini 85% genişləndirilib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində "Azercell"in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olub. 2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə artırılıb, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilib. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər genişləndirilib. Hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyətli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndirilməsi tam sürətlə davam edir. Layihə çərçivəsində 6 metro stansiyada artıq işlər yekunlaşıb. Əlavə olaraq metro stansiyalarda LTE-daşıyıcı birləşdirmə sistemi də aktiv edilib ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcək.

Qeyd edək ki, “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericsson”un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.