Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdırmaq məqsədilə qaydalar layihəsi hazırlayıb.
Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili deyib.
Onun sözlərinə görə, qaydalar layihəsi peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanıb: "İşəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdırmaq üçün həm "Peşə təhsili haqqında" qanunda, həm də Strateji Yol Xəritəsində öz əksini tapıb. Bununla bağlı ilkin qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hazırda müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla layihə üzərində iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək".
A.Əlili əlavə edib ki, qaydalarda "Peşə təhsili haqqında" qanunda nəzərdə tutulan məsələlərlə bağlı təkliflər irəli sürülüb.
Qaydalarda təklif edilir ki, peşə təhsili müəssisələrinə cəlb olunan mütəxəssislərin stimullaşdırılması baxımından işəgötürənlər onlara verilən əməkhaqqı səviyyəsini ən azı peşə təhsili müəssisəsində çalışan ustanın əməkhaqqı səviyyəsinə uyğunlaşdırsınlar: "Strateji Yol Xəritəsinə görə, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını təmin etmək üçün onların təlabatı nəzərə alınmaqla kadr hazırlığı aparılmalıdır. Bunun nəzərə alınmaması diplomlu işsizlərin cəmiyyət üçün istehsalı deməkdir. Buna görə də istənilən bir sahədə kadr tələbatı zamanı işəgötürənlərin kadrlara olan tələbatı nəzərə alınmalıdır".