• 19 Sentyabr 2020
logo
İlanların təhlükəsindən qorunmaq üçün TƏKLİF: Serpentoloqlardan ibarət qurum yaradılsın

İlanların təhlükəsindən qorunmaq üçün TƏKLİF: Serpentoloqlardan ibarət qurum yaradılsın

İlanların fəal olduqları vaxtlarda əhalidə onlarla qarşılaşa bilmə problemləri yaranır, belə hallarda xüsusi mütəxəssis köməyinə ehtiyac olur. Ona görə də əhaliyə peşəkar (serpentoloji) xidmət göstərmək üçün mütəxəssislərdən, peşəkar serpentoloqlardan ibarət qurum yaradılmalıdır.

Bunu AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.

Onun sözlərinə görə, bu xidmət adətən, ərazinin ilan təhlükəsi baxımından qiymətləndirilməsi, rast gəlinən ilan növlərinin təyini, onların tutularaq ərazidən çıxarılması və əhali üçün təhlükəli olmayan təbii biotopların buraxılması, ərazidə potensial ilan təhlükəsi olan yerləri müəyyən edib ilanqovucu preparatlarla işləmək, ərazidə olan insanları sürünənlərə qarşı profilaktik tədbirlər barədə təlimatlandırmaq kimi tədbirləri həyata keçirir.

T.İsgəndərov qeyd edib ki, bu tədbirləri yalnız ilanlar haqqında serpentoloji bilikləri, xüsusi hazırlığı və bu canlılarla iş üzrə təcrübəsi olan mütəxəssislər həyata keçirə bilər. Əks halda göstərilən xidmət qeyri-peşəkar, effektsiz və formal olmaqla yanaşı, həm icraçılar, həm də sifarişçilər üçün təhlükəlidir. Çünki sifarişçi əsassız olaraq arxayınlaşdırılır, ilanları fərqləndirə bilməyən icraçı isə ilanla təmasda səhvə yol verə bilər:

“Təəssüf ki, əhalinin ilanlara qarşı təhlükəsizlik xidmətinə ehtiyacının olmasından sui-istifadə edən bəzi fiziki və hüquqi şəxslər bu xidmətin spesifik xüsusiyyətlərini nəzərə almadan internet vasitəsilə elan verərək əhaliyə bu sahədə xidmət təklif edirlər. Yenə də təəssüf ki, bəzi xüsusi sanitar-epidemioloji (pest-kontrol) xidmət üçün lisenziya alan hüquqi şəxslər xidmət obyektləri siyahısına qırıcı (məhvedici) üsulla mübarizə apardıqları xəstəlik törədiciləri ilə (siçan-siçovul) yanaşı ilanları da əlavə edirlər. Bununla da ilanlara qarşı mahiyyətini bilmədikləri “mübarizə” apararaq əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar. Bu, yolverilməzdir və buna görə də əlaqədar dövlət orqanları bu xidməti təşkil etməli və tənzimləməlidirlər”.