Türkiyənin Ardahan Universitetinin Sosial Elmlər İnstitutunun Müasir türk ləhcələri və ədəbiyyatı kafedrasının doktoru Aynur Babaşova Beşkonak Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik “Kamal Abdullanın romanlarında struktur və motiv” adlı dissertasiya işini müdafiə edib.
Trend-in məlumatına görə, elmi rəhbəri professor Şureddin Məmmədli olan dissertasiya işində Aynur Babaşova Beşkonak bildirir ki, Xalq yazıçısı Kamal Abdulla müasir Azərbaycan ədəbiyyatının ən vacib nümayəndələrindən biridir. Ənənəvi roman anlayışına yeni nəfəs gətirən yazıçının romanları müasir Azərbaycan nəsrinin qiymətli əsərləridir.
Kamal Abdullanın əsərləri bədii və elmi baxımdan araşdırılsa da, toplu şəklində araşdırılmayıb. Bundan başqa əsərlərinin hamısı nə Azərbaycanda, nə də Türkiyədə struktur-ideya cəhətdən öyrənilməyib. Bir yazıçının yaradıcılığını tam dərk etmək üçün onun bütün əsərlərini oxumaq daha faydalı olur. Ona görə də “Yarımçıq əlyazma”nı oxuyub, yarımçıq qalan boşluqları tamamladıqdan sonra “Sehirbazlar dərəsi”nə yol almalı, bu dərədən axtardığını tapan oxucu daha sonra “Çiçəkli mağara”nı ziyarət etməlidir.
“Kamal Abdulla yaradıcılığının ən təəccüblü nöqtəsi odur ki, keçmiş həmişə ön plandadır. Tarixə, folklora və mifologiyaya üz tutan yazıçının bütün bunlara yanaşması fərdi və orijinaldır. Yazıçı keçmişin mövcudluğunu inkar etmir. Keçmişi modernləşdirən müəllif əsrlər boyu birtərəfli təfsir edilmiş tarixə və hadisələrə fərdi və unikal yanaşma nümayiş etdirir” – deyə, alim bildirib.
Aynur Babaşova Beşkonak tədqiqat zamanı müəllifin düşüncəsini, düşüncə dünyasını anlamaq və araşdırmalarını daha da dolğun etmək üçün müəllifin digər əsərlərindən də istifadə edib.