• 28 Mart 2024
logo
Tovuzlu deputat: “Sakinlərin hamısı yerindədir”

Tovuzlu deputat: “Sakinlərin hamısı yerindədir”

“Cəbhədə vəziyyət gərgindir, son 3-4 gündür şiddətli atışmalar gedir. Dünən nisbi sakitlik olsa da, bu gün saat 03:55-dən başlayaraq, yenidən iriçaplı pulemyotlardan, toplardan istifadə olunur”.

Bunu APA-nı yerli bürosuna açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, əsas məqsəd Ağdam, Dondar Quşçu, Əlibəyli kəndlərini vurmaq və əhalini qorxutmaqdır: “Buranın əhalisi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, gedən proseslərdə iştirak edib. Artıq buna alışıblar, onları qorxutmaq mümkün deyil. Mən özüm də bu ərazilərdə hərbidə olmuşam.

Ermənilərin açdığı atəş nəticəsində buradakı evlərə ziyan dəyib, mərmi düşüb. İndiki məqamda vətəndaşların yanında olmaq millət vəkili kimi mənim borcumdur. Hazırda hər kəs Azərbaycan Ordusuna dəstək olmalıdır. Bu gün Ordumuz vəzifəsini layiqincə yerinə yetirir”.

Deputat vurğulayıb ki, ermənilərin təxribatı nəticəsində Dondar Quşçu kəndinə 20 mərmi düşüb: “Nəticədə evlər dağılıb, həyətyanı sahələrə ziyan dəyib. Eyni zamanda Ağdam və Əlibəyli kəndlərində də intensiv atışmalar gedir. Artıq mövqe döyüşləri getdiyi üçün yüngül silahlardan istifadə olunmur. Kənd sakinlərinin hamısı yerindədir. Kişilər, gənclər, qadınlar – hamısı buradadır”.