• 23 Oktyabr 2020
logo
ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə görüş keçirilib

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə görüş keçirilib

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirilib
Mərkəzdən bildirilib ki, görüşdə STM İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc rəhbərlik etdiyi qurumun missiyası, vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan kollektivi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. Dövlətimizin başçısı Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri hesab edib. İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb olunması STM-nin görəcəyi işlərin əsas xəttini təşkil edəcək.ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini, səfir Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyət qurulmasının çətin, eyni zamanda, şərəfli olduğunu vurğulayıb. Rektor bu sahədə ADA Universitetinin keçdiyi yol və əldə etdiyi təcrübə haqqında fikirlərini bölüşüb, peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının vacibliyini vurğulayıb. Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq ictimai rəyin öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan kadr hazırlığında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. ADA Universitetində təhsillə bağlı sosioloji sorğulara böyük əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğuları keçirildiyini diqqətə çatdırıb.
Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçimində təhsil mühitinin əvəzsiz rolunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə, istedad və qabiliyyəti aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşdığını vurğulayıb. ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.
Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırıb, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.