• 20 Aprel 2024
logo
Ədliyyə sahəsində islahatlar: elektronlaşma və müasir texnologiyaların tətbiqi

Ədliyyə sahəsində islahatlar: elektronlaşma və müasir texnologiyaların tətbiqi

Ölkə Prezidenti İlham Əliyev 2019-cu ilin 3 aprelində "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Dövlət başçısı fərmanla cəmiyyətin məhkəmlərə inamının daha da artırılması, hər kəsin qanun qarşısında bərabərliyi, cəza siyasətinin yumşaldılması, sahibkarların məhkəməyə müraciətlərinin asanlaşdırılması, həmçinin məhkəmələrin müstəqilliyinin və digər məsələlərin təmin edilməsini Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar qarşısında vəzifə kimi qoyub.

Həmin fərmandan sonra Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla birgə qarşıya qoyulan tapşırıqların səmərəli icrası ilə bağlı geniş tədbirlərə start verib.

Dövlət başçısının fərmanının ictimai əhəmiyyəti nəzərə alınaraq cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən hüquq ictimaiyyəti, sahibkarlar, biznes dairələri, vətəndaş cəmiyyəti institutları, diplomatik korpus nümayəndələri üçün, həmçinin bölgələrdə Ədliyyə Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə ictimai müzakirələr, təqdimatlar tədbirlər keçirilib, 1000-ə yaxın maarifləndirmə işi aparılıb.

Yeni ixtisaslaşmış məhkəmələr yaradılıb

Fərmanın icrasında qarşıya qoyulan məsələrdən biri sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən çevik baxılmasının təmin edilməsi idi. Bu məqsədlə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunub, Prezidentin 19 iyul 2019-cu il tarixli sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya məhkəməsi və ayrıca İnzibati məhkəmələr yaradılıb.

Ölkə başçısının imzaladığı fərmanda hakimlərin sayının mövcud korpusun üçdə biri qədər – 200 vahid artırılması istiqamətində mühüm işlər görülüb. Belə ki, 2019-cu ilin dekabrında ölkə başçısının sərəncamı ilə yeni yaradılmış Kommersiya məhkəmələrinə hakimlər təyin edilib. Fərmanın icrasının həlli istiqamətində 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə namizədlərin davamlı seçimi aparılır. Müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən və davamlı xarakter alan imtahanlarda uğur qazanan 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədir. Namizədlərin sənəd qəbulu elektron qaydada hazırda da aparılır.

50-ə yaxın məhkəmədə monitorinq aparılıb

Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər neqativ halların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Həmin tədbirlər çərçivəsində Məhkəmə-Hüquq Şurasında "qaynar xətt", monitorinq sektorları yaradılıb. Mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında keçirilən müşavirədə nazir deyib ki, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinq aparılıb. Monitorinqlər çərçivəsində aşkar edilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, qeyd edilib ki, daha kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.

"Elektron Ədliyyə köşkü"- “Mobil notariat”

Ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə də xüsusi diqqət yetirilir. Ədliyyə Nazirliyi tərəfindən elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan xüsusi elektron notariat "çanta"sı hazırlanıb. Həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək olar. Yalnız Azərbaycanda mövcud olan və sərhəddə, hava, dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan "Elektron Ədliyyə köşkü" vasitəsilə isə məsafədən ədliyyə xidmətlərini göstərmək mümkündür.

Digər bir yenilik isə "Mobil notariat" proqram təminatıdır. Telefona yüklənən həmin proqram vasitəsilə vətəndaş elektron notariat kabinetinə sahib olmaqla notariat fəaliyyəti ilə bağlı məlumatları əldə edə bilər. Vətəndaşlar notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsi xidmətindən səmərəli bəhrələnirlər. Proqram istifadəçilərinin sayı 30 mini ötüb və bu növ çoxsaylı etibarnamələr elektron qaydada rəsmiləşdirilib.

Əhaliyə təqdim olunan bu innovasiyaların funksionallığının artırılması üzrə işlər davam etdirilərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" telefon tətbiqinə daha bir yeni – "Vəkilə verilən etibarnamələr" funksiyası əlavə olunub. Vəkil etibarnamələrinin mobil cihazlar vasitəsilə elektron qaydada verilməsi imkanından vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləyərək qeydiyyatdan keçdikdən sonra, habelə hazırkı istifadəçilər proqramı yeniləməklə yararlana bilərlər.

Həmçinin istifadəyə verilən vəkil etibarnamələrinin mobil cihazlar vasitəsilə elektron qaydada verilməsi imkanından vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləyərək qeydiyyatdan keçdikdən sonra, habelə hazırkı istifadəçilər proqramı yeniləməklə yararlana bilərlər. Etibarnamələrin mobil qaydada verilməsi həftənin 7 günü 24 saat ərzində mümkündür və proses cəmi 5-10 dəqiqə ərzində icra edilir.

Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilib, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı yeni Qanunun təsiri altına düşən məhkumlar barədə məhkəmələrə göndərilmiş təqdimatlardan 6.400-ü təmin edilib, o cümlədən cəzaçəkmə müəssisələrində saxlanılan və probasiya qurumlarının qeydiyyatında olan 1.737 nəfər məhkum cəzadan tamamilə azad edilib, 2.800-ə yaxın məhkumun törətdiyi əməllər yeni maddələrə tövsif edilərək cəza müddətləri azaldılıb.

Bütün sadalanan faktlar ölkə başçısının 2019-cu il aprel ayının 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində həyata keçirilib.

Pandemiya dövründə ədliyyə

Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, qlobal pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri preventiv tədbirlər müəyyən edilib. Həmin tədbirlər çərçivəsində virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı vətəndaşların sosial izolyasiyasına xüsusi diqqət yetirilib. Görülən tədbirlər çərçivəsində Prezidentin Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Ədliyyə Nazirliyi tərəfindən dövlət başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 870 min manata məbləğində vəsait köçürüb. Bundan əlavə Ədliyyə Nazirliyi xüsusi karantin günlərində 1600 tənha yaşlıya ərzaq yardımları edib.

Nazirlik tərəfindən Ədliyyə Nazirliyinə tabe qurumlarda, xüsusilə penitensiar müəssisələrdə dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb. Həmçinin vətəndaşların müraciətləri və qəbulu, əhaliyə göstərilən ədliyyə xidmətləri onlayn qaydada təşkil edilib.

Məhkəmələr karantin rejiminə uyğun fəaliyyət göstərib

Pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun fəaliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosesləri onlayn rejimdə videokonfrans formatında da keçirilib. İyulun 7-də Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə keçirilən videokonfrans formatında görüşdə bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə cinayət işlərində də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə videokonfransın tətbiqi imkanları yaradılıb. Nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işləri öyrənilib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda onlarla söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1000 nəfərə qədər məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Fərmanın icrası ilə bağlı ədliyyə sahəsində, məhkəmə-hüquq sistemində islahatlar davam edir. İslahatlar isə inkişafın göstəricidir.

Yazı "Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür".