• 29 Mart 2024
logo
Çavuşoğlu: “Aİ-yə üzv bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”

Çavuşoğlu: “Aİ-yə üzv bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”

“Cozep Borrellin dialoq cəhdlərini və xoş məramını dəyərləndiririk. Türkiyə olaraq bütün hallarda biz dialoq tərəfdarıyıq. Amma çox təəssüf ki, Avropa İttifaqına (Aİ) üzv olan bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelllə birgə keçirilən mətbuat konfransında deyib.

Türkiyənin Aİ-dən gözləntilərinin olduğunu deyən M. Cavuşoğlu qeyd edib ki, təşkilata üzv olan Fransa, Yunanıstan kimi ölkələr dialoqa mane olur: “Biz Avropa İttifaqının Türkiyə ilə Avropanın ortaq dəyərləri və obyektiv kriteriyaları çərçivəsində əməkdaşlığına tərəfdarıq. Bu əməkdaşlığa Yunanıstan problem yaradır, halbuki Kipr və Şərqi Aralıq dənizi mövzularında Türkiyə Kipr türklərinin, eləcə də özünün suverenliyini və haqlarını qorumağa davam edəcək”.
Nazir bildirib ki, Fransa yanlış davranışla Şərqi Aralıq dənizində Türkiyənin Fransa gəmisinə hücum etməsi ilə bağlı böhtanına görə, Türkiyədən də, NATO-dan da, Aİ-dən üzr istəməlidir.

M. Çavuşoğlu Türkiyənin Aİ-yə üzvlük məsələsində də ayrı-seçkilik olduğunu vurğulayıb. O deyib ki, Türkiyə 67 şərtə əməl edir, lakin bununla belə başqa ölkələr daha yumşaq şərtlərlə təşkilata qəbul edilir.

Nazir onu da qeyd edib ki, miqrant probleminin həlli ümumilikdə regionu əhatə edir və bu problem yalnız Türkiyə tərəfindən deyil, Aİ-yə üzv ölkələrlə birgə həll edilməlidir.