• 9 Avqust 2020
logo
Mərkəzi Gömrük Hospitalının reanimatoloqu Könül Həsənova: Biz xəstələrin sağalması üçün var gücümüzlə çalışırıq

Mərkəzi Gömrük Hospitalının reanimatoloqu Könül Həsənova: Biz xəstələrin sağalması üçün var gücümüzlə çalışırıq

Bütün dünyada koronavirus infeksiyasına yoluxmuş ən ağır xəstələr reanimasiya şöbəsinə daxil olurlar. Onların sağlamlıqlarının bərpa edilməsində reanimatoloqların böyük əməyi var. Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Könül Həsənova Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində pandemiyadan öncə olduğu kimi indi də ağır vəziyyətdə olan xəstələrə tibbi xidmət göstərərək, onların sağlamlığına qovuşması üçün var gücü ilə çalışır.
Dr.Könül Həsənova hələ pandemiyanın ilk sədaları eşidilən andan mübarizəyə qoşulan həkimlərimizdəndir. Bu isti yay günlərində qoruyucu geyimlərdə çalışmağın nə qədər ağır olmasına və özü də virusa yoluxma təhlükəsi daşımasına baxmayaraq Könül həkim öz xəstələrinə eyni qayğı və diqqətlə yanaşır, onlara mövcud olan bütün resuslardan istifadə edərək xidmət göstərir.
Dr.Könül Həsənova 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-işi fakültəsini bitirdikdən sonra 2004-2005-ci illərdə M.Ə.Əfəndiyev adına 2 saylı Klinik Xəstəxanada Anesteziologiya və Reanimasiya şöbəsində həkim-interna kimi, daha sonra isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında anestezioloq- reanimatoloq kimi çalışmışdır. O, 2013-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq olaraq işləyir.
Öz üzərində daim çalışan, bir çox yerli və beynəlxalq tədbirlərdə dinləyici və məruzəçi qismində çıxış edən Könül həkim peşəsinin ən kiçik incəliklərini öyrənmək üçün həmişə özünü təkmilləşdirir. O, 2011-ci ildə Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli Univeristetində, 2013-cü ildə isə Türkiyənin Ankara şəhərində yerləşən Atatürk Eğitim –Araştırma Xəstəxanasında anesteziologiya-reanimasiya üzrə kurs keçmişdir.
Bunlarla yanaşı 2014-cü ildə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti Xəstəxanasında Perfuziologiya üzrə kursu müvəffəqiyyətlə yekunlaşdırmışdır. Beynəlxalq təcrübənin öyrənilməsinin və ölkəmizdə tətbiqinin vacibliyini dərk edən Könül həkim bu istiqamətdə daim xarici ekspertlərlə təcrübə mübadiləsi aparır.
Mərkəzi Gömrük Hospitalı koronaviruslu xəstələri qəbul etdiyi andan etibarən o kolleqaları ilə birlikdə öz işinin başındadır. Bu günlərdə evindən, ailəsindən, doğmalarından ayrı qalan yüzlərlə tibb işçisi kimi Könül həkim də məsuliyyətinin fərqindədir. Elə məhz bu səbəbdən də virusa qalib gələcəyimizə inanaraq, var gücü ilə mübarizə aparır.
Könül həkim deyir: “Stress və adrenalin dolu peşəmiz bizdən peşəkarlıq, dəqiqlik, mükəmməl təşkil olunmuş və bütün protokol standartlarına uyğun xidmət tələb edir. Bu gün bütün bu sadaladığım tələblərə uyğun yüksək səviyyədə xidmət göstərməyə, koronovirus infeksiyasına yoluxmuş xəstələri həyata qaytarmağa çalışırıq.
Bizim üçün nə qədər ağır olsa da, var gücümüzlə çalışırıq. İnanırıq ki, biz həkimlərin səyi və həmvətənlərimizin məsuliyyəti sayəsində bu xəstəliyin yoluxma sürətini azaldaraq ona qalib gələ biləcəyik. Çünki virusa qalib gəlmək üçün biz birgə mübarizə aparmalı və gücümüzün birliyimizdə olduğunu dərk etməliyik”.