• 6 Dekabr 2024
logo
AMEA-nın xaricə ixrac etdiyi mallar gömrük nəzarətindən daha rahatlıqla keçəcək

AMEA-nın xaricə ixrac etdiyi mallar gömrük nəzarətindən daha rahatlıqla keçəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Akademiyadan verilən məlumata görə, AMEA-nın Yüksək Texnologiyalar Parkına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ Dövlət Gömrük Komitəsinin sərəncamı ilə ixrac əməliyyatları üzrə verilib.
Bu qərar Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən verilib.
Qeyd edək ki, "Yaşıl dəhliz" buraxılış sistemi daha sürətli sərhəd keçidi, yüksək ixrac potensialı, çevik və şəffaf gömrük nəzarətinin həyata keçirilməsinə xidmət edir. Bu sistemin üstünlüyü ondadır ki, idxal olunan mallar şəxsin anbarına birbaşa aparılır və gömrüyə gəlmədən mallar boşaldılır, malların ixracı gömrüyə gəlmədən birbaşa öz anbarından həyata keçirilir.