• 9 İyul 2020
logo
AzTV-də 40-a yaxın yeni veriliş açılıb

AzTV-də 40-a yaxın yeni veriliş açılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2019-2020-ci il mövsümünün hesabatını təqdim edib.

Ötən mövsümdə təkcə AzTV-də 40-a yaxın yeni veriliş işıq üzü görüb.

Bu verilişlərdən 4-ü xüsusi pandemiya dövründə ərsəyə gəlib. “#Evdəqal”, “Gündəlik”, “Koronavirusİnfo” verilişləri karantin dövründə əhalini maarifləndirmək, “Eyvana çıx” verilişi isə evdə qalan insanların vaxtını daha səmərəli və maraqlı keçirmələri məqsədilə hazırlanıb. Bundan başqa 25-dən çox sosial çarx, 40-a yaxın bədii, sənədli film hazırlanıb. Həmin filmlərə iki hissəli “Zəng” komediyası, “Son gecə”, “Sonuncu”, “Yada saldıqda səni”, həmçinin, “Məmləkətim”, “Şəhərin iç sədası”, “Kəlağayı”, “Şəhidlər”, “Xocalı yol gözləyir”, “Ana və poçtalyon”, “Polkovnikin əmanəti”, “Torpaq”, “Bir dəniz hünər”, “Qoca qartalın əbədi uçuşu”, “Xalça”, “Qəlb şairi”, “Yuxu kimi”, “Yarımçıq nəğmə” və digərlərini misal göstərmək olar. Hazırda Xurşidbanu Natəvan və Əbdürrəhim bəy Haqverdiyevlə bağlı, “Millət dostları” adlı filmlər üzərində isə iş gedir.

Kanalın maddi-texniki bazasının gücləndirilməsi, xüsusən HD yayıma keçidlə bağlı mühüm addımlar atılıb, yeni efir otağı, şəbəkə sistemi yaradılıb və yaxın gələcəkdə tamaşaçılar keyfiyyətcə yeni yayım formatını hiss edəcəklər. Eləcə də kanalın çəkiliş kamerası və montaj avadanlıqları bazası daha da zənginləşdirilib.

10-dan çox yeni və müasir tələblərə cavab verən studiya tikilib, hazırda daha bir neçəsi tikilməkdədir. AzTV, “Mədəniyyət” kanalı və İdman TV rebrendinq olunub, qrafik göstəricilər yenilənib. Hər üç kanalın avtomobil təsərrüfatı da tamamilə yenilənib.

Mədəniyyət TV-də isə Azərbaycanın mədəni-ideoloji həyatını təbliğ edən 12-dən çox yeni layihə hazırlanıb, son bir il ərzində 300-ə yaxın tədbir təşkil edib, konsertlər, tamaşalar, telelayihələr reallaşdırılıb, görkəmli mədəniyyət xadimləri ilə bağlı telehəftələr baş tutub. Kanal ilk dəfə keçirilən Azərbaycan Vokalçılar Festivalının təşkilatçılığını edib.

Bununla yanaşı, pandemiya dövründə “Bizi birləşdirən Mədəniyyət” şüarı altında yeni layihə efirə gedib.

2019-2020-ci il mövsümü üzrə İdman TV-də “Pelaton” intellektual idman oyunu, kiçiklər üçün “Sabahın ulduzları”, Pandemiya dövründə “Evdə qal, idmansız qalma”, “Geri dönüş”, “Ulduzların yarışı” kimi telelayihələr reallaşıb. Eyni zamanda Futbol üzrə İngiltərə və Almaniya çempionatlarının yayımlandığı İdman TV-nin “İdman və Media” verilişi 2019-cu ilin yekunlarına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman proqramı” mükafatına layiq görülüb.

Ötən ilin əsas uğurlarından biri də Televiziya Akademiyanın fəaliyyətini təkmilləşdirmək və peşəkar tədris sistemi yaratmaq olub. İl ərzində Akademiya 2 dəfə məzun buraxılışını reallaşdırıb. Məzun adını qazanmış və fərqlənmiş 20-dən çox gənc hazırda TV-nin uğurları istiqamətində çalışır. Gələn il tədris mərkəzinin fəaliyyətini daha da təkmilləşdirmək, yerli və əcnəbi mütəxəssislərin bilik və bacarıqlarından maksimum istifadə etmək planlaşdırılır. Qarşıda duran başlıca məqsəd yalnız QSC-də deyil, respublikada fəaliyyət göstərən digər kanallarda çalışan televiziya işçilərinin də Akademiyanın imkanlarından yararlanmasına şərait yaratmaqdır.

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin fəaliyyəti həm yenilənmiş aztv.az saytında, həm də sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılır. Tamaşaçılar gündəlik xəbərləri və reportajları, verilişlərdən maraqlı hissələri artıq rəsmi internet saytından da izləyə bilirlər.

Koronavirusla bağlı mövcud vəziyyətə baxmayaraq hazırda hər üç kanalda yeni layihələr (“Təbiətlə üz-üzə”, “Milli qəhrəman” və s.) hazırlanır. Gələn həftədən etibarən isə AzTV-də şənbə və bazar günləri gecə saatlarında estrada ulduzları və muğam ustalarının canlı konsertləri yayımlanacaq.