• 14 İyul 2020
logo
Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu il tarixindən ötən müddətdə 10 uşaq övladlığa götürülüb. Onlardan 3-ü qız, 7-sı oğlandır.

Bunu APA-nın sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, övladlığa götürülmüş uşaqların 2-si 2-3 yaşlarında, 2-si 4-6 yaşlarında, 4-ü 7-11 yaşlarında, 2-si 12-18 yaşlarındadır. Uşaqlardan 3-ü ögey anası, 4-ü evli cütlüklər, 3-ü tək ana tərəfindən övladlığa götürülüb:

“Onlardan 2-si dövlət uşaq müəssisəsindən, 4-ü yaxın qohum ailələrdən, 1-i uzaq qohum ailədən götürülən uşaqlar, qalan 3-ü isə ögey ana tərəfindən övladlığa götürülən və ərin əvvəlki nikahından olan uşaqlarıdır. Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır”.

F.Talıbov qeyd edib ki, övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.