• 26 Sentyabr 2020
logo
Aydın Mirzəzadə: "Koronavirusu həyatımızdan yox etmək hər birimizin vəzifəsidir"

Aydın Mirzəzadə: "Koronavirusu həyatımızdan yox etmək hər birimizin vəzifəsidir"

"Koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir. Artıq hamı razılaşır ki, bu problemin həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına almış olur".

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O vurğulayıb ki, bu problemlə Azərbaycanda da ciddi mübarizə aparılır: "Məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi, xəstələrin müalicəyə alınması problemin bütün cəmiyyətə yayılmasının qarşısını alır. Bununla belə, hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir, karantinə alınan bölgələrin sayı durmadan artır. Bunun səbəblərinin araşdırılması isə məsələnin kökündə heç də hər kəsin karantin rejimi tələblərinə riayət etməməsinin olduğunu göstərir. İctimai yerlərdə tibbi maska taxılmaması, sosial məsafənin gözlənilməməsi təəssüf ki, çox yayılıb. Hər birimiz hər gün bunun şahidi oluruq".

Deputat bildirib ki, son dövrlərdə tibbi maska taxılmamasına görə cərimələrin tətbiqi hər kəsi ictimai yerdə tibbi maska taxmağa məcbur edə bilmir: "Müxtəlif bəhanələr gətirilir, ən qəribəsi isə bir çoxlarının üzlərinə deyil, çənələrinə maska taxaraq polis görən kimi maskan yuxarı qaldırmalarıdır. Bununla kimisə aldatmaq olar, amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsızlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır".

"Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə yaxın vətəndaşımız bu səbəbdən həyatını itirib. Onların içində tanınmış simalar, o cümlədən hər birimizin yaxın adamları da var. Çıxış yolu isə qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir. Yüksək cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər. Koronavirusu həyatımızdan yox eləmək hər birimizin vəzifəsidir", - A.Mirzəzadə əlavə edib.