• 27 İyul 2024
logo
“Önləyici tədbirlərlə yoluxma sayının azalacağına əminəm”

“Önləyici tədbirlərlə yoluxma sayının azalacağına əminəm”

Elza Orucova: “Dövlətimiz tərəfindən qəbul olunmuş qərarlara əməl etmək vacibdir”

Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxma halları artır. Bunun qarşısını almaq üçün karantin rejimi sərtləşdirilir. Sərt karantin rejimi nə qədər vacibdir və hansı effektiv nəticələrə səbəb olacaq?
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova “Xalq Cəbhəsi”nə açıqlamasılnda bildirdi ki, bütün dünya ölkələrini, əraziləri və hətta səyahət gəmilərini də ağuşuna aldığı, kabus kimi dolaşan, gündən-günə misilsiz dərəcədə artımı ilə özünü biruzə verən COVID-19 infeksiyası ölkəmizdən də yan keçmədi. Onun sözlərinə görə, danılmaz faktdır ki, təxminən 1-1,5 ay öncə sərt karantin rejimi dövründə yoluxma hallarında nəzərəçarpan irəliləyiş müşahidə edildi. Belə ki, müalicə alıb sağalanların sayı yoluxanlarla müqayisədə üstünlük təşkil etdi və bu, bizi xeyli sevindirdi: “Lakin tədbirlərin yumşaldılmasından sonra isə əksinə oldu. Sanki insanlarda arxayınlaşma baş verdi, hətta xəstəliyin mövcudluğuna şübhə həddinə çatacaq qədər. Bu yerdə qədim bir yəhudi deyimi özünə kök salır: “Düzgün qidalanın, immunitetinizi dəstəkləyin və axmaq xəbərlərə də fikir verməyin”. Düz də edirlər, çünki yanlış xəbərlər virisun özü qədər qorxuludur. Yeri gəlmişkən, qorxuya, təşvişə düşməyə ehtiyac yoxdur, çünki qorxu taclı virusadan daha təhlükəlidir. Sadəcə bu infeksiyanın ciddiliyini tam məsuliyyət hissi ilə dərk etməliyik. Bax, əsas budur!
Qeyd etdiyim kimi bu ərəfələrdə bəzi insanlar xəstəliyin ciddiliyinə varmayıb ona səthi, etinasız yanaşdılar (bu yenə davam edir). Həmçinin, fiziki məsafəni gözləmədilər, nəinki maska geymədilər, hətta onun düzgün geyilmə qaydasına əməl etmədilər. Bütövlükdə, mövcud qaydalara əməl etməyənlər heç də azlıq təşkil etmədi”.
Elza Orucova əlavə etdi ki, ən son günlərdə yenidən sərt karantin rejiminə keçid aldıq: “Təbii ki, bu, hər kəsi narahat etdi. Başqa sözlə ifadə etsək, bunu heç arzulamazdıq. Lakin real həqiqətlə razılaşmalıyıq. Çünki "həqiqət müqayisədə bilinir". Təcrübə də göstərdi ki, sözügedən infeksiyanın geniş vüsət almaması üçün bu üsullara üz tutmalıyıq. Dövlətimiz tərəfindən qəbul edilmiş əhəmiyyətli qərarlara, göstərişlərə riayət etmək tələb olunur. Anlamalıyıq ki, müəyyən edilmiş qaydalar yalnız və yalnız əhalinin məlum infeksiya ilə bağlı xəstələnmə hallarını minimima endirmək və az itki ilə çıxmaq məqsədinə xidmət göstərir. Mən nikbinəm və bütün önləyici tədbirlərə kompleks yanaşma yolu ilə infeksiyanın getdikcə tənəzzülə uğramasına, yoluxma sayının azalmasına münasibətdə maksimal effektin alınmasına əminəm”.

Əli Zülfüqaroğlu