"COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini vətəndaşlarla fiziki təmasa yol vermədən yerinə yetirir. Buna baxmayaraq, 19 iyun 2020-ci ildə bəzi şəxslər komitənin binasının ətrafında toplaşıblar. Məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioriteti olması, ölkə rəhbərliyinin bu təbəqədən olan insanlara xüsusi həssas münasibət göstərilməsi barədə tapşırıqları əsas götürülərək, məsul əməkdaşları, sosial məsafə gözləyib, qoruyucu vasitələrdən istifadə etməklə, məcburi köçkünlərin qarşısına çıxıb, müraciətlərini dinləyib, izahatlar veriblər".
Bunu açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib. Onun sözlərinə görə, binanın ətrafına toplaşanların əksəriyyəti yeni yaşayış sahəsinə köçürülməsi mövcud qaydaya görə, mümkün olmayan şəxslərdir: "Məlum olduğu kimi, 28 may 2020-ci ildə açılışı olmuş “Qobu park 3” yaşayış kompleksinə Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaat Universitetinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbləri çərçivəsində aparılır.
Son günlər yaranmış vəziyyətlə əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, mənzil bölgüsü üzrə komissiyanın sədri Eldar Zeynalov hər gün videoqəbul keçirir, gün ərzində 60-70 nəfər məcburi köçkünün müraciətini dinləyir. Həmin müraciətlərdə qaldırılan məsələlər araşdırılır və müvafiq tədbirlər görülür. İyunun 19-da komitənin binası ətrafına toplaşan məcburi köçkünlərə qəbul qaydası hqqında bir daha məlumat verilib.
Biz məcburi köçkün həmvətənlərimizə bir daha müraciət edir, onları karantin rejimi qaydalarına əməl etməyə, komitənin ətrafında toplaşmamağa çağırırıq. Xatırladırıq ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərlə bağlı sosial layihələr tam şəkildə icra edilir və bundan sonra da ediləcək".