"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin təşəbbüsləri müəyyən dərəcədə G20 iştirakçıları tərəfindən dəstəklənərək bazarın sabitləşməsinə böyük töhfə verib.
"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun ayı üzrə hesabatında deyilir.
"Bu tendensiyalar davam edərsə, bazar bu ilin sonuna yaxın daha inamlı bir bərpa yoluna düşəcək", - hesabatda qeyd olunur.
Məlumata görə, may ayında "OPEC+" razılaşması və ABŞ-da hasilatın azalması fonunda gündəlik qlobal neft tədarükü 11,8 mln. barel azalıb. Ümumilikdə, bu il üzrə azalma göstəricisi 7,2 mln. barel səviyyəsində proqnozlaşdırılır. 2021-ci ildə neft tədarükü göstəricisi bərpa olmağa başlayacaq və 1,7 mln. barel artacaq.
Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.
Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.