• 25 Sentyabr 2020
logo
Virtual küçə uşaqları

Virtual küçə uşaqları

Hər dəfə radikal düşərgənin bu və ya digər qrupunun videokonfrans (videoqeybət) formatında keçirilən toplantısını izləyəndə ağlımdan, artıq polad kimi möhkəm qənaətə çevrilmiş bir fikir keçir: Bu insanlar düşüncələrini təkcə sosial şəbəkələrdə deyil, öz aralarında da söyüşlə, təhqirlə ifadə edirlər. Söyüş, təhqir, dedi-qodu, qurşaqdan aşağı ifadələr, fərqli düşünən insanları xüsusi qəzəb və nifrətlə aşağılamaq onların təfəkkür, özünüifadə və həyat tərzidir. Doğrusu, bu adamların indiyədək hansı səbəblərdən çatlamadıqlarına, paramparça olmadıqlarına təəccüblənirəm. Siyasi baxışından, düşərgəsindən asılı olmayaraq, onlarla eyni çətir altında dayanmayanlara, bütövlükdə isə cəmiyyətə qarşı bu qədər kinin, nifrətin, qəzəbin iç-içə olduğu vücudu, yaxud “vücudlar toplusu”nu çatlamaqdan yalnız xüsusi, elmə bəlli olmayan maddələrdən hazirlanmış qalın gön qoruya bilər.

Açın nəfəslikləri...

AXCP Rəyasət Heyətinin aprelin 29-da keçirilən virtual toplantısının sosial şəbəkələrdə yayılmış “xülasə”si sayəsində özüm üçün bir neçə məqama aydınlıq gətirə bildim:
- Bu adamlar virtual küçə uşaqlarıdır;
- AXCP adlanan siyasi söyüş qrupunun nə real, nə də virtual pəncərəsi, nəfəsliyi yoxdur və buraya toplaşanlar illərdir ki, söyüşün, təhqirin, aqressiyanın sintezi nəticəsində yaranan kəsif qoxulu havayla nəfəs alırlar;
- Əli Kərimli və onunla eyni siyasi düşüncəni, əxlaqı bölüşənlərin sayəsində AXCP-də “P..”-dan başqa heç nə qalmayıb.
Özünü “siyasi partiya” adlandıran, siyasi iddiası, hikkəsi sosial şəbəkələri “silkələyən” bir... nə bilim nəyin “rəyasət heyəti”nin toplantısında müzakirə olunan mövzulara, səsləndirilən fikirlərə, qrup üzvlərinin özünüifadə üslubuna diqqət yetirəndə dəhşətə gəlməmək mümkün deyil. Əslində (AXC)P-çilərin düşərgədaş rəqiblərinin ünvanına səsləndirdikləri aşağılayıcı ifadələr və bütövlükdə sərgilədikləri “siyasi mübarizə” tərzi, onlara xas olan bir sıra sosial-psixoloji xüsusiyyətləri də gün işığına çıxarır. Məsələn, AXCP Rəyasət Heyətinin üzvləri Müsavat Partiyasının onlarla sosial şəbəkələrdən birində virtual savaşa çıxan bir neçə təmsilçisini hədəfə almaq, ünvanlı danışmaq əvəzinə bütün müsavatçıları aşağılayırlar. Rəyasət Heyəti üzvlərindən biri deyir, digərləri isə ona söyüş və təhqirlərlə dəstək verir. Sitat: “Mən görməmişdim ki, müsavatçılar ləyaqətsizcəsinə, həyasızcasına komanda şəklində hardasa iştirak etsinlər. Onların dədələrinə də söysən, sədrlərinə də söysən komanda halında cavab verməzdilər”.
Burada nəzərə çarpan əsas məqam hədəfin ünvanlı deyil, ümumiləşdirilmiş şəkildə seçilməsidir. Bu adamlar Müsavat Partiyasının 5-10 üzvü ilə problem yaşadıqları halda bütün müsavatçıları aşağılayır, təhqir edirlər. Qeyd edim ki, bu yanaşma özünü Azərbaycanın siyasi hakimiyyətinə, Azərbaycan xalqına və dövlətinə münasibətdə də büruzə verir. Yəni virtual (AXC)P-çilərin bütün fəaliyyətini siyasi hakimiyyətlə mövcud qanunvericilik çərçivəsində rəqabət aparmaq əvəzinə Azərbaycan xalqının və dövlətinin maraqlarını hədəfə almaq təşkil edir və bunun üçün Azərbaycanın ən qatı düşmənlərinin yanında belə yer almağa hazır olduqlarını nümayiş etdirirlər.

“Daban daşları” və yaxud ayaq fobiyası

Yuxarıda iqtibas gətirdiyim ikicə cümlədə yer alan başqa bir qabarıq məqam Əli Kərimlinin “Rəyasət Heyəti” adı altında “birləşən” trollarının aldıqları cavabdan təəccüblənmələridir. Adamlar onlarla eyni üslubda və dildə danışanların olduğundan şok yaşayırlar: “Ay aman, qoymayın söyüş bazarına şərik çıxanlar tapılıb və bazar əldən gedir”.
Kimlərinsə “dədələrinə, yaxud sədrlərinə söyməklə” bağlı məsələyə gəldikdə isə, belə anlaşılır ki, Əli Kərimlinin trolxanasının “rəyasət heyəti” siyasi mübarizədə bu vasitələrdən tez-tez istifadə edir. Və hətta dəfələrlə sınaqdan çıxardıqları halda qarşılığını almayıblar. Çox güman ki, “dədələrə və sədrlərə” ünvanlanmış söyüşlər (AXC)P Rəyasət Heyətinin videotoplantısında deyildiyi kimi, onların “trolbalaları” - “uşaqları” tərəfindən həyata keçirilib. Videodan da göründüyü kimi, Əli Kərimlinin dəstəsinin üzvləri etiraf edirlər ki, onların “uşaqları bundan əvvəl də Arif Hacılı, İsa Qəmbər haqqında statuslar yazıblar”. Amma bu virtual küçə uşaqlarına komanda halında cavab verən olmayıb. Bu dəfə isə vəziyyət dəyişib və onlara qarşı öz üslublarında “çaqqal kimi ulaşıblar”.
AXCP Rəyasət Heyətinin videotoplantısının 2 dəqiqəyə yaxın xülasəsində söyüş və təhqirsiz bircə cümlə belə tapmaq mümkün deyil. “Çaqqal”, “şərəfsiz”, “alkaş”, “ləyaqətsiz”, “həyasız”, “daban daşı” ... – bütün bunlar (AXC)P-çilərin siyasi leksikonunun əsas elementləridir.
“Daban daşı” məsələsinə gəldikdə isə, mənə elə gəlir ki, radikal düşərgədə ayaq və onun müxtəlif hissələri, eləcə də ayaqqabılarla bağlı qəribə bir fobiya var. Çünki formal “Milli Şura”nın formal sədri Cəmil Həsənli də adıçəkilən qurumun videokonfranslarından birində siyasi rəqiblərini “ayaqqabı silməyə yaramayan cır-cındırla” müqayisə etmişdi. Təbii ki, siyasi karyerası boyu həyata keçirdiyi yeganə missiyadan çıxış edərək...
Belə... Bu adamların əlində heç bir təsir nexanizmi olmadığı halda siyasi rəqiblərinə, yaxud onlarla eyni baxış bucağını bölüşməyənlərə söyüşlə, təhqirlə divan tuturlar. İndi təsəvvür edək ki, belə təsir mexanizmləri var və heç şübhə etmirəm ki, “daban daşı” adlandırıb aşağıladıqları şəxləri, ən yaxşı halda dabanından dara çəkərdilər...

Elçin Mirzəbəyli