• 28 Sentyabr 2020
logo
Təhsil Nazirliyi: 4000-ə yaxın şagird istedadlı uşaqlar üçün yaradılan xüsusi siniflərdə oxuyur

Təhsil Nazirliyi: 4000-ə yaxın şagird istedadlı uşaqlar üçün yaradılan xüsusi siniflərdə oxuyur

Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində 4000-ə yaxın şagird istedadlı uşaqlar üçün yaradılan xüsusi siniflərdə təhsil alır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib. 2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.
Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir.
Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb.
Növbəti tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyət göstərəcək. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.