Azərbaycanda 32 bölgəni əhatə etməklə daha 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O, hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib.
E.Əmrullayev əlavə edib ki, 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması əlavə olaraq 5000-6000 nəfər 3-5 yaşlı uşaq üçün Azərbaycanın ucqar bölgələrində təhsil imkanının yaradılması deməkdir.
Təhsilin keyfiyyətinin artması baxımından məktəbəqədər təhsilin əhəmiyyətinin çox böyük olduğunu söyləyən nazirlik rəsmisi bildirib ki, ötən 2 il ərzində Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 100 icmada 2000 uşaq üçün oxşar qruplar yaradılıb.