• 1 Oktyabr 2020
logo
QHT sədri vətəndaşları məsuliyyətli olmağa çağırdı

QHT sədri vətəndaşları məsuliyyətli olmağa çağırdı

Dövlət də eyni zamanda əhalinin sağlamlığın qorunması məqsədilə alterativ variantlar üzərində işləmək məcburiyyətində idi. Bu variantlardan biri həftəsonu sərt karantin şərtlərinin tətbiqidir. Məlumdur ki, yeni koronovirusun simptomları 7-14 gün ərzində bilinir. Bu baxımdan bu tip tədbirlərin müsbət nəticələri məhz 1-2 həftə ərazində özünü göstərir.
Bunu İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib: "Deyərdim, ilk dönəmdə yoluxma sayının artmaması, rəqəmlərin stabil qalması müsbət nəticə hesab oluna bilər. Çünki yoluxma sayı həndəsi silsilə ilə artığından, rəqəmlərin stabil qalması, hər hansı formada yoluxmaya təsir olunduğunu göstərir”.
C.Hüseynzadənin fikirlərinə görə, bu məsələdə çox ağrılı məqamlardan biri də odur ki, vətəndaşlar bu virusun olmasına inanmırdılar:
“Həmin şəxslər “mən koronavirusa inanmıram, tanışlarımın heç biri koronavirusa yoluxmayıb, yalandır” deyirdilər. Çox təəssüflə qeyd edirəm ki, bu tip arqumentlər irəli sürən şəxslərin bəziləri yaxın qohumlarında və tanışlarında bu virusun yoluxması ilə bağlı məlumatlar yayırlar. Dövlət orqanları, tibb mütəxəssisləri, ictimai xadimlər, kütləvi informasiya vasitələri insanlara çağırışlar etsələr də, təəssüf ki, hələ də bəzi insanlar fiziki məsafəni qorumur, tibbi maska taxmırlar.
Biz vaxtında zəruri önləmlər almasaq, nəticə ürəkaçan olmaya bilər. Bu prosesdə hər bir vətəndaş iştirak etməlidir. Çünki qaydalara riayət etməyən şəxs, hər birimizi yoluxdura bilər. Bu cür laqeydlik həm onların özünü, ailəsini, həm də bütövlükdə cəmiyyəti risk altında qoyur. Yayılma sürətinə görə, bu xəstəliyi heç bir ölkənin səhiyyə sistemi üzərinə götürə bilməz. Bəzi ölkələrdə yoluxmuş xəstələr xəstəxanalarda növbə gözləmək məcburiyyətində qalırlar”.
Cəsarət Hüseynzadə hesab edir ki, çıxış yolu tibbi maskalardan istifadə ilə bağlı müvafiq cərimələrin tətbiqidir:
“Əgər vətəndaş qaydalara riayət etmək istəmirsə, qanunlara hörmət qoymursa, bu hərəkəti ilə digər vətəndaşlara hörmətsizlik edirsə, burada qanun öz sözünü deməlidir və sərt addımlar atılmalıdır. Məsələn, qonşu Gürcüstanda pandemiya dövründə cərimələr vətəndaşlar üçün 1000 dollar civarında olub. Əlbəttə mən cərimələrin artırılmasın təklif etmirəm. Vətəndaşları məsuliyyətli olmağa çağırıram.
Eyni zamanda qaydalara riayət olunması ilə bağlı, vətəndaş nəzarəti, ictimai qınaq da vacibdir. Sual olunur ki, bu məqamda maskadan istifadə və sosial məsafənin gözlənməsi nə qədər mühümdür? Axı alternativ tədbirlər də mövcud deyil. Bu qaydalara riayət etmək məcburiyyətindəyik. Özümüz üçün, yaxınlarımız üçün, cəmiyyətimiz üçün.
Sərbəstlik və azad həyata, yəni əvvəlki rejimə daha tez qayıtmaq üçün, qaydalara daha ciddi formada əməl etməliyik. Bu tələblər gigiyenik qaydalara riayət etmək, tibbi maskadan istifadə etmək və sosial (fiziki) məsafəni saxlamaqdan ibarədir. Məncə, mövzu bizim və sevdiklərimizin həyatı və sağlamlığıdırsa bu qaydalara əməl etmək o qədər də çətin deyil”.

Cavid