• 20 Aprel 2024
logo
276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib

276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib

2017-2018-cı tədris ilinin başa çatması münasibətilə 276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayonu 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və məktəbin şagird heyəti, müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər.
Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məzunları təbrik edən məktəbin direktoru əməkdar müəllim Bəhram Şiriyev gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib.
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakmiyyətinin başçısı Elxan Allahverdiyev müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, bu gün ölkəmizdə təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır.
E.Allahverdiyev məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.
Sonda məktəbin il ərzində dünya, Avropa və başqa beynəlxalq yarışlarda nailiyyətlər qazanmış şagirdlərlə görüşüb söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı E.Allahverdiyev onlarla xatirə şəkli çəkdiriblər. Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılanıb.
Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalınıb.