Ölkə Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə ardıcıl tədbirlər görülür. Bu məqsədlə son dövrlər həyata keçirilən institusional və qanunvericilik tədbirləri, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, hakim ştatlarının 3 dəfəyə yaxın, o cümlədən sonuncu dəfə dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə 200 vahid artırılması məhkəmə fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərib.
Məhkəmə Hüquq Şurasından verilən məlumata görə, ötən ay hakimlərin təyinatı ilə bağlı 60-dan çox mühüm qərarların qəbulu, o cümlədən dövlət başçısının sərəncamları ilə Ali Məhkəmənin sədr müavini və kollegiya sədrləri, apellyasiya instansiyası məhkəmələrinin 11 kollegiya sədri, 16 məhkəmə sədrlərinin təyin edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, habelə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilməsi və 20-dək yeni nəsil gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.
Məlumatda “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmana uyğun olaraq 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq halın aşkar edilərək hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılması, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb.
Ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 2 nəfərin səlahiyyətlərinə xitam verilməsi, 7 nəfərin işdən azad olunması, 2 hakim barədə isə materialların korrupsiya əməllərinə görə istintaqa verilməsi və artıq onlardan birinin, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkilin cinayət məsuliyyətinə cəlb olunmaqla, məhkum edildiyi qeyd olunub.
Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlərin görüləcəyi hər bir hakimin diqqətinə çatdırılıb.
Məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.