• 8 Dekabr 2024
logo
DİN Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı qadağaları açıqladı

DİN Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı qadağaları açıqladı

Daxili İşlər Nazirliyi (DİN) iyulun 21-dən 27-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri haqqında məlumat yayıb.
Trend-ə verilən məlumatda bildirilir ki, iyulun 21-dən 27-dək Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev bildirib ki, yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb:
"İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq. Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır".