• 1 Dekabr 2020
logo
DİM: 9-cu siniflərin buraxılış imtahanının birinci mərhələsindəki nəticələri 300 ballıq şkalaya keçiriləcək

DİM: 9-cu siniflərin buraxılış imtahanının birinci mərhələsindəki nəticələri 300 ballıq şkalaya keçiriləcək

“Ümumi orta təhsil bazasında buraxılış imtahanı 2 mərhələdə keçirilirdi. Birincidə daha çox bacarıqlar, açıq tipli suallar olurdu. Bu sualların cavabı markerlər tərəfindən təhlil olunurdu. Hər fənn üzrə 30 bal olmaqla sonda 90 ballıq şkala ilə qiymətləndirilirdi. İkinci mərhələdə qapalı suallar ümumilikdə 210 bal təşkil edirdi, sonda 300 ballıq şkala ilə qiymətləndirilirdi”.

Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova deyib.

Onun sözlərinə görə, bu prosesə çoxdan start verilmişdi. Hətta martda birinci mərhələ də olmuşdu: “Pandemiya ilə bağlı kütləvi tədbirlərin keçirilməsi ertələndi. Biz bu imtahanların qrafikini fevral ayında elan etmişdik. Bunlar hamısı bir-biri ilə əlaqəli imtahanlardır. Lakin gözlənilmədən qrafik pozuldu. Gördük ki, buraxılış imtahanını iki mərhələdə keçirmək olmur. Buraxılış imtahanının nəticəsi orta ixtisas müəssisələrinə qəbul hüququ verir. Ona görə belə təklif etdik ki, Təhsil Nazirliyi ilə birgə bu qaydalara dəyişiklik olsun. Nazirlər Kabinetinin qərarı ilə ümumi orta təhsil bazasından buraxılış imtahanı bir mərhələdə olacaq. Valideyn və şagirdlər narahat olmasınlar. Məzmun hazırlananda hansı mövzuların onlayn keçirilməsi nəzərə alınacaq. Bir mərhələdə 30 qapalı sual və hər fənn üzrə 100 bal olmaqla 300 ballıq şkala olacaq”.

N. Bayramova qeyd edib ki, birinci mərhələni verən şagirdlər yenidən imtahan verməyəcəklər: “Birinci mərhələdəki nəticələr DİM tərəfindən 300 ballıq şkalaya keçiriləcək. Bizdə 3 ilin nəticələri var idi. Son 3 ilin nəticələrinin statistik araşdırmaları aparılıb. Bu proqram vasitəsilə hər bir şagirdin nəticəsi fərdi hesablanacaq və nəticələr təqdim ediləcək”.