• 24 Noyabr 2020
logo
İndoneziyanı yaxından tanıyaq - Emin Əliyev yazır

İndoneziyanı yaxından tanıyaq - Emin Əliyev yazır

2017-ci ilin bu ayında qismət oldu ki, İndoneziyaya səfər edək. Səfərimizin məqsədi hər gün İndoneziyaya səfər edən 19 min turisti Azərbaycanımıza da cəlb etmək idi. Səfərimiz ərzində İndoneziyada hər gün 2-3 görüş keçirərək ölkəmizin turizm potensialı barədə insanlara ətraflı məlumat verirdik. İndoneziyalılar əsasən Nizami Gəncəvi, Seyid Yəhya Bakuvi kimi insanların məqbərələrinə, Naxçıvana maraq göstərirdilər. Bu görüşlər bitdikdən sonra isə indoneziyalı dostlarımızın müşayiəti ilə paytaxt Cakarta və ona yaxın məntəqələri görmək imkanımız oldu. Dünyanın ən böyük və olduqca maraqlı dövlətlərindən biri olan İndoneziya ilə əlaqələrimizin çox geniş potensialının olduğunu nəzərə alaraq çalışırdıq ki, bu potensialdan maksimum yararlanaq. İndoneziya hər zaman bütün milli maraqlarımızın qorunmasında Azərbaycanın yanında olmuşdur. Yəni iqtisadi, mədəni, siyasi əlaqələrin daha da dərinləşməsi hər iki dövlətin də maraqlarına tam xidmət edir.

İndoneziya əhalisinin sayına (270 milyon) görə Çin, Hindistan və ABŞ-dan sonra dünyada dördüncü, müsəlman dövlətləri arasında isə birinci yeri tutur. O cümlədən, İndoneziya dünya iqtisadiyyatı və siyasətinə birbaşa təsir gücünə malik olan G-20 ölkələri qrupuna daxildir və iqtisadi artım sürətinə görə bu qrupda Çindən və Hindistandan sonra üçüncü yeri tutur.

İndoneziya daş kömür, palma və kokos yağları, təbii kauçuk istehsal edən ölkələrin ilk üçlüyünə daxildir. Bu ölkədə iri qızıl yataqları, ehtiyatlarının həcminə görə dünyada ikinci olan mis yataqları yerləşir. Burada həmçinin iri nikel, dəmir, marqanis, qalay, boksit yataqları da var.

Dünya üzrə neft hasilatının təxminən 1 faizi İndoneziyanın payına düşür. Yerli neft hasilatı daxili tələbatı tam ödəmədiyindən ölkə xaricdən, xüsusilə Azərbaycandan neft idxal etməli olur. İndoneziya İtaliyadan sonra Azərbaycan neftini ən çox idxal edən ikinci dövlətdir.

İndoneziya dövləti özünün kənd təsərrüfatı, emal və dağ-mədən sənayesi, turizm sahələrinə investisiya cəlb etməkdə olduqca maraqlı olduğu üçün son illər müvafiq xarici şirkətlərin ölkəyə daxil olması prosesi xeyli sadələşdirilmişdir.
İndoneziyanı yaxından tanıyaq - Emin Əliyev yazır
Riau əyalətində yaradılmış xüsusi iqtisadi zonada dünyanın müxtəlif ölkələrini təmsil edən 2 mindən çox şirkət fəaliyyət göstərir. Həmin şirkətlər idxal rüsumlarından, əlavə dəyər vergisindən, satış vergisindən və bütün gömrük rüsumlarından azad edilmişdir.

Ölkədə iqtisadi artıma təkan verən əsas amil iqtisadi inkişafın ən güclü stimullarından biri olan daxili istehlakdır. Əvvəlcə inkişaf etmiş bazarlardan geri qalmaqda olan İndoneziya artıq Çin və Hindistan ilə bərabər səviyyədə artıma nail olmuşdur. Ölkə əhalisinin əksəriyyəti əmək qabiliyyətinə malik gənclərdən ibarətdir. ÜDM-nin 57 faizi daxili istehlakın hesabına yaradılır.
Fantastik səslənsə də, İndoneziya ilə Azərbaycan arasında əlaqələr lap orta əsrlərə gedib çıxır. O zamanlar azərbaycanlı tacirlərlə yanaşı, səyyahlarımız da bu ölkəyə səfər etmişdilər. Azərbaycanın görkəmli alim və səyyahı Yəhya Bakuvi İndoneziyaya səyahət etmiş, bunun nəticəsində isə onun çoxsaylı qeydləri bu müsəlman xalqının ölkəmizdə daha yaxından tanınmasında mühüm rol oynamışdır.

İki ölkə arasındakı siyasi münasibətlər hələ Azərbaycan müstəqil olmamışdan öncə qurulmuş, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə daha da qüvvətlənmişdir. İndoneziya dövləti Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımış, iki ölkə arasında ilk diplomatik münasibətlər isə 1992-ci il sentyabrın 24-də yaradılmışdır. O vaxtdan bəri iki dost ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. 2006-cı ildə Azərbaycan İndoneziyada, 2010-cu ildə isə İndoneziya Azərbaycanda öz səfirliklərini açmışdır. Son zamanlarda isə regional və qlobal siyasi məsələlərin həllində İndoneziyanın rolunun getdikcə artması ilə əlaqədar olaraq Azərbaycan bu qüdrətli müsəlman ölkəsi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verməkdədir. Təsadüfi deyil ki, artıq son illər qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycanın İndoneziya ilə əsas əməkdaşlıq sahəsi energetika sahəsidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft ixracını həyata keçirir. Azərbaycanın “SOCAR-Trading” və İndoneziyanın “Pertamina” şirkətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi hal-hazırda öz müsbət nəticələrini verməkdədir.
İndoneziyanı yaxından tanıyaq - Emin Əliyev yazır
Energetikanın dünya siyasətinin əsas istiqamətlərini və ölkələrarası münasibətləri müəyyənləşdirdiyi bir zamanda İndoneziyanın bu sahədə Azərbaycan ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Səudiyyə Ərəbistanından sonra xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır.
İki ölkə arasında qeyri-neft məhsulları ticarəti də durmadan inkişaf etməkdədir. İndoneziya hər il Azərbaycana 3,2 milyon dollar dəyərində əsasən rezin, rezin məhsulları, palma yağı, geyim, musiqi alətləri, müxtəlif bitki mənşəli dərmanların tərkib hissələrini ixrac edir. Ümumilikdə isə İndoneziyanın Azərbaycandan aldığı məhsulların dəyəri 2,4 milyard dollar təşkil edir ki, bunların da arasında əsas yeri neft məhsulları tutur.

Ölkələrimiz arasında təhsil, mədəniyyət və turizm sahəsində əlaqələr də inkişaf etməkdədir. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və menecment fakültəsində “İndoneziyaşünaslıq” ixtisası, 2010-cu ildə isə İndoneziya Tədqiqat Mərkəzi yaradılmışdır. 2018-ci ildən etibarən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ölkələrinin vətəndaşları üçün öz universitetlərində bütün ali təhsil səviyyələri üçün təqaüdlər verir. Bütün bu təşviqedici tədbirlər nəticəsində son bir neçə ildə xeyli sayda İndoneziya vətəndaşı Azərbaycan universitetlərində təhsil almağa maraq göstərməkdədir.
İndoneziyanı yaxından tanıyaq - Emin Əliyev yazır
Eləcə də, bir sıra azərbaycanlı tələbələr İndoneziya Hökuməti tərəfindən verilən təqaüd proqramlarında iştirak etmişlər. İndoneziya İncəsənət və Mədəniyyət Təqaüdü (IACS) azərbaycanlı tələbələrə İndoneziyanın müxtəlif sənət mərkəzlərində İndoneziyanın incəsənət və mədəniyyəti haqqında üç aylıq kurslarda təlim görmək imkanları verməkdədir.

Bundan başqa, İndoneziyanın milli döyüş növlərindən olan “Pencak Silat” Azərbaycanda çox populyardır və bu döyüş növünün inkişafını təmin etmək üçün ölkəmizdə idman federasiyası təsis edilmişdir və bu federasiya Respublika miqyasında artıq bir neçə turnir təşkil etmişdir.

Bu bir danılmaz faktdır ki, İndoneziya İslam dünyasında öz siyasi nüfuzuna və sanbalına görə sayılıb-seçilən bir dövlətdir. İndoneziya dəfələrlə bir sıra taleyüklü məsələlərin müzakirəsi zamanı Azərbaycanın yanında olmuşdur. Rəsmi Cakarta həmişə beynəlxalq təşkilatlarda və forumlarda Azərbaycanın milli maraqlarına dəstək vermiş, onun ərazi bütövlüyünü və haqlı mövqeyini qətiyyətlə müdafiə etmişdir.
İndoneziyanı yaxından tanıyaq - Emin Əliyev yazır
Hazırda ikitərəfli münasibətlər həyatın müxtəlif sahələrində yüksələn xətlə inkişaf etməkdədir. Daha da önəmlisi budur ki, hər iki tərəf qarşılıqlı əlaqələri daha da inkişaf etdirib yüksək səviyyəyə çatdırmaq üçün möhkəm iradə nümayiş etdirir. Bu isə bütövlükdə beynəlxalq sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə zəmin yaradır.

Onu da qeyd edim ki, son illər İndoneziya və Azərbaycan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsində və inkişafında İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bəy Fananienin xidmətləri də böyük olub. İki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, cənab səfirə təşəkkür edirik.

Emin Əliyev
QHT sədri, ictimai fəal, sahibkar