• 24 Noyabr 2020
logo
Şəhid hərbçilərin ailə üzvlərinə birdəfəlik müavinətlər üçün büdcədən ayrılmış vəsait açıqlanıb

Şəhid hərbçilərin ailə üzvlərinə birdəfəlik müavinətlər üçün büdcədən ayrılmış vəsait açıqlanıb

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinətlərin ödənilməsi üçün keçən il dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi açıqlanıb.

Bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinətlər üzrə 102,6 milyon manat məbləğində vəsait ödənilib.

Bundan başqa, keçən il sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, habelə onların bir qisminin istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün 2019-cu ilin icmal və dövlət büdcələrindən üst-üstə 494,3 milyon manat vəsait ayrılıb.

Başqa sözlə, bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 200,0 milyon manat, sosial müdafiə və sosial təminat bölməsindən 260,7 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 33,6 milyon manat ayrılıb.