• 3 Dekabr 2020
logo
Qərargah: Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub

Qərargah: Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub

“Operativ Qərargahın Tibbi bölməsi tərəfindən gündəlik təhlil aparılır, ölkə başçısına, Operativ Qərargaha məlumat verilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu təhlillərə uyğun müvafiq qərarlar qəbul edilir: “Biz koronavirusla mübarizəni iki mərhələyə ayırmışıq. Birincisi, ilkin yoluxmaların müəyyənləşdirilməsi və məhdudiyyətlərin tətbiq edilməsi idi. Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik və məhdudiyyətlər tədricən aradan qaldırılır. İlkin olaraq aprelin 27-də SMS-lə icazənin müddəti artırılıb”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Gəncədə aparılan əks-epidemik tədbirlər nəticəsində yayılmanın məhdudlaşdırılmasını təmin etmək, epidemiyanın qarşısını almaq mümkün olub: “Yevlaxda 64 sakində yoluxma aşkar edilib. Bu rayonda daha ciddi tədbirlərin görülməsinə ehtiyac görürük. Lənkəran rayonunda da yoluxmanın yüksək olduğu kəndlər var. Boladi kəndində 16, Şiləvarda 8, Çağlaserdə 31, Didvan kəndində 31 fakt aşkarlanıb. Bu göstəricilər qətiyyən bizi qane edə bilməz. Həmin bölgənin sakinləri xüsusi karantin rejiminin tələblərinə əməl etsinlər”.

O bildirib ki, lakin əks epidemik tədbirlər davam etdirilməlidir: “Əks epidemik tədbirlər ciddiyyətini qorumalıdır”.