• 8 Dekabr 2024
logo
DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, içməli su təminatı, tibbi yardım, gəzinti, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul ediliblər.
Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib.
Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə saxlanılan şəxslərin hüquqlarının təmini baxımından müəssisədə həyata keçirilən işlər müzakirə olunub, milli və beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr verilib.
E.Süleymanova tərəfindən Milli Preventiv Mexanizm Fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə də görüş keçirilmiş və gələcəkdə birgə əməkdaşlıq barəsində müzakirələr aparılıb.