• 30 Noyabr 2020
logo
BİZİM JURNALİST XARİCİ MEDİADA

BİZİM JURNALİST XARİCİ MEDİADA

Jurnalist, “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu və AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, siyasi elmlər üzrə tədqiqatçı Səid Musayev ilə azərbaycanlı jurnalist və tədqiqatçıların xarici mediada iştirakı haqqında söhbət etdik.

Fuad Babayev: Biz bu gün azərbaycanlı jurnalist və tədqiqatçıların xarici kütləvi informasiya vasitələrinə çıxışı haqqında söhbət edəcəyik. Sevindirici haldır ki, Əli müəllimin bugünlərdə Macarıstanda Xocalı ilə bağlı məqaləsi çıxıb. Səid müəllim, Siz də tez-tez xarici mətbuatda çıxış edirsiniz. Ümumiyyətlə, azərbaycanlı jurnalist və ya tədqiqatçı dünya KİV-lərinə çıxmaq üçün hansı yolu keçməlidir?

Əli Zülfüqaroğlu: Xarici KİV-lərə çıxmaq üçün birinci növbədə əlaqələr olmalıdır. Bu olmasa, xarici KİV-lərə çıxmaq mümkün deyil. Amma əlaqələr olsa da, xarici KİV-lərə çıxmaq çox çətin məsələdir. Bundan başqa, dil bilgisindən də əvvəl bunun üçün bir istək olmalıdır ki, yazı yazım, xarici mediada çap olunsun. Yəni bunun əhəmiyyətini başa düşürsən. Məsələn, elə adam var ki, ən nüfuzlu dünya mediasında çap oluna bilər, amma əhəmiyyətini başa düşmür və bunu lazımsız sayır. Həmçinin xarici KİV-də dərc olunmaq üçün yazı qabiliyyəti də olmalıdır. Yəni elə yazmalıyıq ki, xüsusilə də Qarabağ mövzusu ilə bağlı, əleyhimizə işləməsin. Eyni zamanda, hər hansı bir ölkənin mediasına çıxarkən həmin ölkənin ictimaiyyətinin nəyi necə qəbul etdiyini bilmək də vacib şərtdir. Yazının tərcüməsinə də ciddi nəzarət etmək lazımdır.

Mən özüm bir çox ölkənin mətbuat orqanları üçün yazı yazmışam. Məsələn, İtaliyanın bir neçə saytında, Pakistanın dövlət agentliyində, Macarıstanda, Almaniyada fəaliyyət göstərən türkdilli jurnallarda yazılarla çıxış etmişəm. Hesab edirəm ki, Dağlıq Qarabağ problemini yaşayan Azərbaycan kimi ölkə üçün bu çox vacib məsələdir.

Fuad Babayev: Xarici mediada çap olunmaq Sizə nə verir? Qonorar olurmu?

Əli Zülfüqaroğlu: Heç bir qonorar yoxdur. Hətta mən bir yazı yazdıqdan sonra öz pulumla onu tərcümə etdirirəm, çünki yazı çox yaxşı tərcümə olunmalıdır. Həm də bu bizə çox lazımdır. Çünki Azərbaycanın çox az sayda diaspor nümayəndəsi xarici mediada çıxış edir. Məsələn, Vüqar Abbasov (Niderlandda yerləşən “Connect” təşkilatının rəhbəri – red.) Niderland mətbuatında çıxış edir, çox yaxşı yazılar yazır, cəmiyyətin psixologiyasını bildiyi üçün yazının hansı formada yazılmasını da yaxşı bilir. Amma bu işlə daha çox diplomatik korpus məşğul olur.

Səid Musayev: Düşünürəm ki, xarici mediaya yazı ilə çıxarkən ilk növbədə auditoriyanı nəzərə almalıyıq. Əlbəttə, yazılarımız Azərbaycanın təbliğatına xidmət edəcək, ona görə də ünvanlanacaq media qurumunun kütləsini, auditoriyasını hesaba almalı, hansı cəmiyyət üçün ünvanlandığı kimi məsələlərə önəm vermək lazımdır.

Fuad Babayev: Bəs Sizcə, əlaqə və istəkdən başqa daha nə lazımdır?

Səid Musayev: Düşünürəm ki, peşəkarlıq önəmli məsələdir. Çünki hər yazı xarici KİV-də çıxmır.

Son vaxtlar görürük ki, bizim diaspor təşkilatları və xüsusilə də diplomatik nümayəndəliklər Azərbaycanın təbliğatında xarici media qurumlarının əməkdaşlarından da çox istifadə edirlər. Amma bu media qurumlarının əməkdaşları nə qədər bizə can yandırmış olsalar da, yazılarında Xocalı və digər faciələrimizə, yaxud Şuşa həsrəti, Qarabağ amili kimi məsələlərə – Azərbaycanın yaralı yerlərinə Azərbaycan baxışından, nöqteyi-nəzərindən yanaşmırlar. Əksər hallarda bu kimi məqalələrdə sadəcə olaraq coğrafi, statistik məlumatlar, əlaqələr yer alır. Yəni bizim nümayəndələr xarici jurnalistlərin yazıları vasitəsilə Azərbaycanın təbliğatına üstünlük verirlər, ancaq əksər hallarda bu jurnalistlərin dərin bilgiləri olmadığı, ölkəmizin yaralı yerlərini bilmədikləri üçün bu, istənilən effekti vermir. Çünki ya Azərbaycana qısamüddətli səfər edir, dərin bilgilər almır, kimdənsə aldıqları hazır məlumatları götürüb gedirlər, ya da ki, yazıları tam əhatəli olmur. Ona görə də ilk növbədə özümüzün peşəkar yazarlarımızın yazıları önəmlidir. Bunun üçün də dil bilgiləri lazımdır, o cümlədən yazar da intellektual səviyyədə çox güclü olmalıdır.

Fuad Babayev: Əli müəllim, yazınız Macarıstan mətbuatında macar dilində çap olunub. Dil bilgiləri dedikdə, əsasən ingilis və yaxud fransız dilindən bəhs edirik. Ancaq hər halda, sizin o yazıda dil bilgisi rol oynamayıb, çünki onu kiməsə sadəcə olaraq, tərcümə etdirmisiniz.

Əli Zülfüqaroğlu: Qeyd etdim ki, dil bilgisindən öncə istək və gördüyün işin əhəmiyyətini dərk etmək kimi şərtlər lazımdır.

Fuad Babayev: Ancaq dediniz ki, əlaqə də lazımdır. Bəs bu əlaqələr necə qurulmalıdır?

Əli Zülfüqaroğlu: Mən özüm mətbuat işçisi olduğum üçün diasporla çox işləmişəm. Ona görə də diaspor nümayəndələrinin əksəriyyətini tanıyıram, kimin nəyə qadir olduğunu bilirəm. Bir çox hallarda bir yazını dərc etdirmək üçün onları hətta məcbur edirəm ki, bu yazı çıxmalıdır, bunu mütləq etmək lazımdır.

Fuad Babayev: Yəni xarici KİV-lərlə əlaqə yaratmaq üçün Azərbaycan diasporunun imkanlarından istifadə edirsiniz.

Əli Zülfüqaroğlu: Bəli. Eyni zamanda ölkəmizdə keçirilən bir çox tədbirlərdə iştirak edən xarici jurnalistlər ilə də əlaqə yaratmışıq. Bakı 2015 Avropa Oyunları zamanı, müxtəlif beynəlxalq tədbirlərdə, həmçinin AVCİYA-nın tədbirlərində də xarici jurnalistlər ilə əlaqə qura bilmişik.

Mehman İbrahimov: Xarici ölkələrdəki səfirliklərimiz bu işdə sizə kömək olmur?

Əli Zülfüqaroğlu: Xarici KİV-lərdə diaspor üzvlərindən daha çox səfirliklərin yazıları dərc olunur. Yəni bu dəqiqə xarici mətbuata açıb baxsaq görərik ki, bir çox ölkədə diplomatik korpuslarımızın təşəbbüsü ilə yazılar dərc olunur. Bu sahədə diaspor təşkilatları daha az fəaldır.

Fuad Babayev: Azərbaycanın Ali Attestasiya Komissiyası alimlərin qarşısında şərt qoyur ki, impakt faktorlu jurnallarda çap olunmalısan. Başa düşürəm ki, alimlərimizin belə jurnallarda çap olunması onlara nə verir. Yəni bu, elmi işi müdafiə prosesində lazım olan tələblərdən biridir. Qeyd etdiniz ki, öz şəxsi vəsaitinizdən tərcüməyə pul ayırırsınız. Bəs bu sizə nə verir?

Əli Zülfüqaroğlu: Şəxsi planda mənə heç bir divident vermir, amma geniş formada götürsək, bu, çox lazımdır; problemlərimizin xarici ölkələrdə beş, yaxud on nəfərə çatdırılması vacib məsələdir. Hesab edirəm ki, təkcə diplomatik korpusun, yaxud diaspor nümayəndələri deyil, hər birimiz bacardığmız addımı atsaq, çox ciddi nəticələr əldə edərik. Vacib deyil ki, “Qardian”da, yaxud “Nyu York Times”də çap olunaq. Təbii ki, prioritet götürsək ki, “Qardian”da yazmalıyıq, o zaman heç bir nəticə əldə edə bilmərik. Avropada bölgə nəşrlərindən belə, 150 min tirajla çıxan qəzetlər var.

Fuad Babayev: Tutaq ki, Azərbaycan mediasında iş bazarı var; potensial işə götürən, yəni qəzet və ya sayt sahibi baxır ki, Əli müəllimin Avropa saytlarında yazıları çıxıb, onunla əməkdaşlığa meyl edir. Vacib deyil ki, macar saytında çıxan yazı sizə pul gətirsin. Bu, sizin “background”unuza (tərcümeyi-halınıza – red.) xidmət edir. Bəs xaricdə nəşr olunmanızın sayəsində Azərbaycan media bazarında daha cəlbedici təkliflər ala bilərsiniz? Belə bir örnək mövcuddur?

Əli Zülfüqaroğlu: Belə bir örnək yoxdur. Azərbaycan bazarı bir az fərqlidir. Bizim sayt rəhbərlərinə daha çox “İP” lazımdır. Əlbəttə, macar, yaxud ingilis mediasında yazının çıxması, on nəfər macarın və ya ingilisin Xocalı soyqırımı haqqında məlumatlandırılması dövlət olaraq bizə lazımdır. Ancaq kimsə “İP” gətirmirsə, sayt rəhbərinin nəyinə lazımdır ki, Macarıstan mediasında yazısı çıxan bir adamı işə götürsün. Düşünmürəm ki, xarici mediada yazıları çıxan adam kiminsə diqqətini cəlb etsin.

Fuad Babayev: Səid müəllim, Siz hansı mövzularda yazırsınız?

Səid Musayev: Yazılarım daha çox Fransa mediasında, “L’Express” jurnalında…

Fuad Babayev: Siz Fransada təhsil almısınız və təbii ki, fransız dilini yüksək səviyyədə bilirsiniz.

Səid Musayev: Yazılarım həm fransız, həm də ingilis dilində nəşr olunub. Əksər hallarda beynəlxalq əhəmiyyətli redaksiyalarla əlaqə saxlayıram. Sonuncu dəfə “Israel Science Info” jurnalının baş redaktoru özü sosial şəbəkə vasitəsilə mənimlə əlaqə yaradıb. Bu jurnal kağız formatda çox yüksək səviyyədə nəşr edilir. Orada elm, yüksək texnologiyalar, innovasiyalar, biznes və digər kateqoriyalarda yazılar dərc edilir. Jurnalda fransızdilli oxucular ilk dəfə olaraq mənim məqaləm vasitəsilə İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri haqqında məlumat əldə etdilər. Yazıda söhbət tək hərbi sahədə əməkdaşlıqdan getmir, məsələn, təhsil sahəsində əməkdaşlıq da oxucular üçün maraqlıdır. Oxucu Azərbaycan haqqında çoxlu informasiya əldə etdikcə, İsrail ilə əməkdaşlıq perspektivlərini gördükdən sonra, artıq müxtəlif qurumlar ölkəmizlə əməkdaşlıq haqqında fikirləşməyə başlayır. Çünki bu jurnalın çox intellektual oxucu kütləsi var. Bir var adi sıradan bir vətəndaş, bir də var akademik, işgüzar elita, şirkətlərin, korporasiyaların rəhbərləri… Ona görə də məqalələri yalnız özümüzü, ölkəmizi öyməklə yox, ikitərəfli ortaq maraqları ortaya qoyaraq hazırlamaq lazımdır.

Mənim auditoriyam Fransa mediasıdır. Fransada əksər KİV-lərdə erməni faktoru və ermənilərin xüsusi təsiri var. Məsələn, “L’Express” jurnalında Azərbaycanın multikulturalizm modeli haqqında yazdığım məqalənin aşağısında kommentlər hissəsində ermənilər tərəfindən debat açıldı ki, necə olur, Fransada tanınmış “L’Express” jurnalında neftlə zəngin bir ölkəyə platforma verilir və burada Azərbaycan multikulturalizmi təbliğ olunur. Yəni belə bir ictimai debat açılmışdı. Hətta belə bir başlıqlı yazı erməni saytında ingiliscə də dərc olunmuşdu. Müəyyən müddətdən sonra hətta “L’Express”-ə təsir edib orada olan səhifəmi bağlatdıra da bilmişdilər. Ona görə də çalışıram ki, yalnız bir aspektdə yazmayım. Müxtəlif mövzular var: multikulturalizm, geopolitika, regional məsələlər; məsələn, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması, enerji layihələrinə İsrailin qoşulma ehtimalı, İranla bağlı məsələlər və s.

Fuad Babayev: Nə qədər yazarımızın məqalə çap etdirmək səviyyəsində xarici mediaya çıxışı var?

Əli Zülfüqaroğlu: Çox az, barmaqla sayılacaq qədər belə yazarımız var. Məsələn, Fuad Hüseynzadənin Avstraliya, Rusiya mediasında yazılarını görmüşəm. Elnur Eltürk Türkiyə mediasında çıxış edir. Mən özüm də bir neçə ölkənin mediasında yazmışam, başqa kimsəni tanımıram.

Fuad Babayev: Bəs bu işi gücləndirmək üçün nə etmək olar? Necə etmək olar ki, yazarlarımız dünya nəşrlərinə, daha yaxşı olardı ki, aparıcı KİV-lərə çıxsınlar? Bu prosesi necə təşkil etmək olar?

Əli Zülfüqaroğlu: Harada ki divident yoxdur, orada çox az adam olacaq. Ancaq əlaqə yaratmaq üçün jurnalist səfərə getməlidir; tutaq ki, Avropada hansısa qəzet redaksiyasında olmalıdır, ora ilə əlaqə qurmalıdır. Bunun üçün bir proyekt əsasında iş görmək olar. Amma buna maliyyə lazımdır.

Mehman İbrahimov: Yaxşı olardı ki, diaspor təşkilatlarının nəzdində hansısa bir qurum Azərbaycandan olan jurnalistləri, tədqiqatçıları xarici media vasitələrinə yönləndirsin, onların KİV-lərdə çapını reallaşdırsın.

Əli Zülfüqaroğlu: Elə bir koordinasiyalı şəkildə iş qurulsa, yaxşı olardı.

Fuad Babayev: Bəs Azərbaycan mediasının güclənməsi, auditoriyasının genişlənməsi burada hansı rol oynaya bilər? Məsələn, bizim qəzetlərin əksəriyyətini, heç uzağa getmirəm, Türkiyə qəzetləri ilə müqayisə etdikdə, vizual görünüş belədir ki, türk qəzetləri çox üstündür. Türkiyə qəzetləri rəngli, çoxsəhifəli, daha ucuzdur. Bəlkə xaricdə kimlərsə Azərbaycan mediasından adamları axtarır, ancaq çap mediamızın mənzərəsi bir qədər sönük olduğu üçün, kimsəni tapa bilmirlər?

Əli Zülfüqaroğlu: Maraqlı mövzuya toxundunuz. Ancaq qəzeti müqayisə etməyi düzgün hesab etmirəm. Çünki qəzet qəpik-quruşa çıxır. İşçiləri də, maliyyəsi də çox azdır. Ölkəmizdə büdcəsi kifayət qədər böyük agentliklər var, müxtəlif dillərdə də yayımlanır. Amma Gürcüstan, Rusiya və s. ölkələrin mediasının onlara istinad etməsini görməmişəm.

Səid Musayev: Yazılar tək informasiya xarakteri daşımamalı, rəngarənglik olmalıdır. Ona görə burada təşəbbüskarlıq, kreativlik də lazımdır. Mənim hal-hazırda Fransa mediasında Azərbaycan tolerantlığı və multikulturalizminin təbliğatı adlı bir layihəm var. Bununla bağlı 15-ə qədər yazı yazmağı planlaşdırmışam və bunu üç ay müddətində həyata keçirməyə çalışacağam. Yəni jurnalistlər arasında maarifləndirmə aparsaq, onların işlərini stimullaşdıra bilərik, o zaman maliyyə məsələsini həll edəcək qurumlar da tapılar.

Fuad Babayev: Maraqlıdır, “özünüsenzura” dünya KİV-lərinə çıxışı nə dərəcədə əngəlləyir?

Əli Zülfüqaroğlu: Təbii ki, belə bir faktor mövcuddur. Onsuz da dünya KİV-i ölkəmizdə hansısa bir problem axtarırsa, ondan yazacaq. Burada kifayət qədər xarici təşkilatlardan qrant alan, məsələn, insan haqları sahəsində işləyən adamlar bu cür məlumatlar ötürürlər və xarici mətbuat da yayır.

Amma biz nəyə görə xarici mediada yazı çap etdiririk. Bizim üçün ən vacib məsələ – ümummilli problemlərimizin işıqlandırılmasıdır. Xarici mediaya da bu cür yazılar veririk. Tutaq ki, hər hansı bir tanınmamış sayta belə Azərbaycan ordusu ilə bağlı bir yazı versəm, sabah Ermənistan mətbuatı onu istinad edərək yayacaq. Çünki Ermənistan maraqlarına uyğundur. Və bu, bizim ziyanımıza işləyəcək.

Səid Musayev: Klassik yazı üslubunu və yerli jurnalist metodlarını da sevmirəm. Nəyə görə… Xocalı haqqında yazarkən başlayırıq tarixi hadisələri sadalamağa: 1988-ci ildə münaqişə başladı, münaqişənin bütün qanlı səhifələrini təsvir edirik və bu cür də xarici mediaya göndəririk. Amma mən Xocalı ilə Xolokostun müqayisəsini aparmışam və beynəlxalq təcrübəni ortaya qoymuşam ki, yəhudilər öz soyqırımlarını dünyaya necə tanıdıblar. Xocalı soyqırımına hüquqi qiymət verilməyib və hələ də gec deyil.

Fuad Babayev: Qeyd etdiniz ki, ənənəvi metodla yazmırsınız. Bəs Sizin metod necədir? Orada müqayisə etməkdən başqa, daha nələr var?

Səid Musayev: Burada çox məsələ var. Əvvəla, təşəbbüskarlıq var, yəni məqalənin sonunda ideya irəli sürülür ki, nə etməliyik. Məsələnin çözümü də göstərilir. Tarixi hadisələri olduğu kimi tarixi xronoloji ardıcıllıqla təsvir edib insanlara çatdırmaq mənim metodum deyil. Bu cür biz təbliğat da apara bilmərik. Bu hadisəyə hüquqi qiymət vermək üçün beynəlxalq hüquqdan sitat gətirməklə yanaşı, müqayisələr də aparılmalıdır ki, hansı yolla ekspert qrupu quruldu və yəhudilər Xolokostu necə tanıtdılar.

Fuad Babayev: Siz bu yazını harada yazmısınız?

Səid Musayev: Bu yazını Frankofoniya coğrafiyası üçün yazmışam.

Əli Zülfüqaroğlu: Bu cür yanaşma tərzi çox maraqlıdır. Amma Xocalının Xolokost ilə müqayisəsi yəhudilər üçün maraqlı ola bilər. Ancaq ingilis, ya alman üçün…

Fuad Babayev: Xolokost artıq beynəlxalq simvol sayılır deyə, hamıya informasiya verir.

Əli Zülfüqaroğlu: Amma hüquqi qiymət vermək təkcə təbliğat məsələsi deyil axı.

Fuad Babayev: Səid müəllim məsələyə elmi-politoloji istiqamətdən yanaşır.

Əli Zülfüqaroğlu: Mən Almaniyada mitinqlərdə iştirak etmişəm, Macarıstanda tədbirlərimiz olub. Məsələn, Köln şəhərində mitinq keçirdik. Orada müxtəlif xalqların nümayəndələri var idi. Yaxınlaşıb broşür paylayırdıq və görürdük ki, heç kimin Xocalı faciəsindən xəbəri yoxdur, ona görə də maraqla oxuyurdular. Məsələ ondadır ki, mən əgər Avropada yüzminlik mitinq keçirirəm və onu bir xarici media vermirsə, o zaman bu mitinq nəyə lazımdı. Amma tutaq ki, 200-300 min tirajla çıxan Niderland qəzetində balaca bir yazı vermək daha effektivdir. Çünki Niderlandda cəmiyyət qəzetləri, saytları oxuyur və bu yazı orada mütləq diqqət çəkir.

Səid Musayev: Mən digər məsələyə – multikulturalizmə toxunmaq istərdim. Jurnalist həmişə medianın içində olmalıdır, baxmalıdır ki, cəmiyyətdə nələr baş verir, hansı tendensiyalar, çağırışlar var və dövlət, hökumət hansı problemləri həll etməyə çalışır. Hökumət hansı problemləri gündəmə gətirib qabardırsa, media da onun üzərinə fokuslanır. Biz əgər beynəlxalq media vasitəsilə təbliğat aparmaq istəyiriksə, tolerantlıq, multikulturalizm kimi məsələlərə diqqət yetirməliyik. Azərbaycan Cümhuriyyəti sekulyar dəyərlər üzərində qurulub. Biz Cümhuriyyət tarixindən gələn ənənənin, irsin əsasında qurulan müstəqil bir dövlətdə yaşayırıq. Məsələn, Fransa prezidenti Emmanuel Makron belə bir məsələ ortaya qoyub ki, dini radikalizm, ayrı-seçkilik, separatizmin qarşısını almaq üçün İslam dini artıq Fransa normalarına uyğun olmalıdır, yəni bu dinə məxsus insanlar respublika və sekulyar dəyərləri nəzərə almalıdırlar.

Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 2001-ci ilin iyununda yaradılıb. Fransa kimi dövlət isə dini ayrı-seçkilik, radikalizm, ekstremizmlə mübarizə ilə yalnız 2020-ci ildə məşğul olmağa başlayıb. Əlbəttə, söhbət çoxvektorlu, konseptual mübarizədən gedir. Yəni bu məsələdə Azərbaycan nə qədər irəlidədir. Multikulturalizm deyəndə avropalılarda pessimist düşüncə yaranır, çünki avropalının nəzərində o, laksizm (mənəvi dəyərlərə qarşı biganəlik – red.) kimi bir şeydir, yəni insanların etdiyinə, onların müxtəlifliyinə göz yumursan ki, insan öz bildiyini etsin, cəmiyyətə öz mədəniyyətinin çalarlarını gətirsin. Amma onlar bunu sevmirlər. Avropalılar assimilyasiya vasitəsilə digər mədəniyyətləri öz respublika dəyərlərinə uyğunlaşdırmaq istəyirlər. Nə qədər dünyəvi olsa da, onların modelləri budur.

Yəni biz Azərbaycanda hal-hazırdakı vəziyyət, fərqli mədəniyyətlərin, etnik qrupların idarə olunmasının institusional əsaslarını Fransadakı vəziyyətlə müqayisə edirik. Və nəticədə Fransa, ümumiyyətlə Qərb Azərbaycana başqa aspektdə diqqətli yanaşır.

Fuad Babayev: Sizcə, Azərbaycan jurnalistinin dünya KİV-lərinə transferi necə baş verməlidir? Vacib deyil ki, Əli müəllim gedib mütləq “El Pais”də, Səid müəllim isə “Le Monde”da işləsin. Bu o deməkdir ki, sizin yazılar orada çap olunacaq. O cümlədən, ola bilsin ki, oradan qonorar da ala bildiniz.

Və yaxud Azərbaycanın “Əl-Cəzirə”-si, “CNN”-i olmadan bu mümkündürmü? Azərbaycanda “Əl-Cəzirə”-ni, “CNN”-i, “Fox news”-u və yaxud dünya çapında informasiya agentliklərindən birinin Azərbaycan analoqunu qurmadan jurnalistlərimizin dünya mətbuatına transferi mümkündürmü?

Səid Musayev: Məncə, bunun üçün media qurumlarının sayı artmalıdır, yəni meydanda aktorların sayı çoxalmalı, rəngarənglik olmalıdır. Amma sərbəstlik veriləndə bundan çox sui-istifadə olur, kimlərsə dövlətin maraqları əksinə, hansısa qrupun maraqlarına xidmət edir. Sərbəstlik o demək deyil ki, bundan sui-istifadə edəsən.

Mən Fransada vəziyyətlə bağlı məlumat vermək istərdim. Orada cəmiyyət toqquşma vəziyyətindədir. Artıq müxtəlif mədəniyyətlər bir-birinə zidd mövqedən yanaşırlar. Əfsuslar olsun ki, dünyəviliyin, sekulyarizmin təsis olunduğu bu ölkədə bugünlərdə Fransa himnini oxumağı rədd edən istər müsəlman, istər yəhudi tələbələr var və s. Bunlar da mədəniyyətlərin toqquşmasına gətirib çıxardır və artıq xristianlığın beşiklərindən biri olan Fransada kilsələr muzey səviyyəsinə gəlib çıxıb, camaat ora şəkil çəkdirməyə gedir. Müsəlmanların arasında icmaçılıq çox baş qaldırıb. Fransa isə bunu sevmir. Sən əgər bu ölkədə yaşayırsansa, Fransa normalarını, respublika dəyərlərini qəbul etməliən.

Amma bizdə birgəyaşayış, multikulturalizm, tolerantlıq çox yüksək səviyyədədir.