• 30 Noyabr 2020
logo
Gəncədə maarifləndirmə və dezinfeksiya işləri davam edir

Gəncədə maarifləndirmə və dezinfeksiya işləri davam edir

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Gəncədə təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları şəhərdə fəaliyyət göstərən bir sıra otellərə, ticarət və ictimai iaşə obyektlərinə baş çəkiblər, buradakı vəziyyətlə yaxından tanış olublar. Aparılan monitorinq zamanı rəhbərlik tərəfindən xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tədbirlərin görülməsi labüddür. Habelə, xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilib.

Görüşdə obyekt və otel sahiblərinə xidmət sahələrində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər paylanılıb. Bildirilib ki, metodiki göstərişlər müxtəlif ticarət və xidmət sahələrində çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Həmçinin, reyd zamanı işçilərə tibbi maskalar da paylanılıb.

Daha sonra şəhər rəhbərliyi Gəncədə aparılan dezinfeksiya işləri ilə də tanış olub. Bildirilib ki, dezinfeksiya işləri Heydər Əliyev, Atatürk və Nizami Gəncəvi prospektlərində su çiləyici avtomobillərlə həyata keçirilib. Bununla yanaşı mərkəzi küçələrdəki yaşayış binalarının girişləri və ətrafları da dezinfeksiya edilib. Ümumiyyətlə isə Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin xidməti ərazilərində, küçə və prospektlərində, yeraltı piyada keçidlərində, dayanacaqlarda, parklarda, meydanlarda, xiyabanlarda, habelə yaşayış binalarının ətrafında, girişlərində, pilləkən qəfəsələrində, liftlərin içərilərində və əhalinin təmas etdiyi bütün ərazilər mütəmadi olaraq dezinfeksiya olunurlar.