• 29 Noyabr 2020
logo
İctimaiyyət nümayəndələri tələb edir

İctimaiyyət nümayəndələri tələb edir

“Korrupsiyaya qurşanan məmurlar cəzalanmalıdırlar”

Son günlər güc strukturları tərəfindən korrupsiya və rüşvətxorluğa qurşanan bəzi icra hakimiyyəti başçıları və onların yerlərdəki nümayəndələrinin həbsi günün aktual mövzularından birinə çevrilib. Təbii ki, həbs olunan keçmiş icra başçıları törətdikləri əməllərinə görə ictimaiyyət tərəfindən kəskin qınanıldı. Hətta məsələ parlament səviyyəsinə çıxdı. Hadisələrlə bağlı müxtəlif fikirlər söylənildi, sosial şəbəkələrdə belə statuslar yazıldı. Hökumət tərəfindən pandemiya dövründə aztəminatlı ailələrə ayrılan yardımları mənimsəyənlər, illərdir korrupsiyaya qurşanan keçmiş başçılar ağır ittihamlarla üzləşdilər. Məsələnin hüquq müstəvisində həll olunacağı, təqsirləndirilənlərin cəzasız qalmayacağı aydındır. Amma ictimai qınağın da vacibliyini nəzərə alaraq vətəndaş cəmiyyəti institutları və media nümayəndələrinin fikirlərini öyrəndik.
Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü bildirib ki, Prezident İlham Əliyevin vəzifəyə təyin etdiyi hər bir məmurun əsas işi vəzifəsini ləyaqətlə, vicdanla yerinə yetirmək olmalıdır. Dövlət başçısı dəfələrlə məmurları qəbul edərkən, onlarla görüşərkən, müşavirə keçirərkən bu məqamları onlara xatırladır. Çünki məmurlar dövlətin yerlərdə və müxtəlif sahələrdə təmsilçiləri olduğuna görə onların gördüyü hər bir iş də müsbətiylə, mənfisiylə dövlətin adına yazılır: “Mən xüsusilə icra başçılarının, nazirlərin, komitə sədrlərinin fəaliyyətlərini qeyd etmək istəyirəm. Bu katqeoriyaya daxil olan məmurlar əhali ilə ünsiyyətdə, dövlət siyasətinin həyata keçirilməsində, ayırılmış büdcə vəsaitlərinin xərclənməsində, qərar qəbul edəndə ədalət prinsipi ilə çalışmalıdırlar. Ədalətlə işləyən məmurları dövlətimiz, millətimiz hər zaman qiymətləndirir. Lakin çox təəssüf ki, bir sıra yüksək rütbəli məmurlar fəaliyyətlərinin icrası zamanı çox ciddi nöqsanlara yol verirlər. Rüşvət və korrupsiya əməllərinə yol verərək insanları dövlətdən narazı salırlar. Pandemiya ilə əlaqədar dövlətin kasıb insanlar üçün ayırdığı yardımları mənimsəməklə çox biabırçı bir addım atmış olurlar. Öz qohumlarını, dostlarını vəzifəyə təyin edən bəzi məmurlar bununla da istedadlı və bacarıqlı insanların dövlət quruculuğu prosesində yer almasını əngəlləyirlər”.
QHT sədri qeyd edib ki, dövlət başçısının xəbərdarlığına məhəl qoymayaraq çox ciddi qanun pozuntularına yol verirlər. Xüsusilə də bəzi rayon və şəhər icra başçıları, nazirlər, komitə sədrləri, onların yerlərdəki nümayəndələri çox böyük qanunsuzluqlara yol verirlər. Nəticədə DTX, Baş Prokurorluq tərəfindən cəzalandırılırlar: “Mən hüquq-mühafizə orqanlarının bu addımını alqışlayıram. Onun davam edəcəyini düşünürəm. Çünki hələ də bir sıra icra başçıları, nazirlər, hətta deyərdim ki, deputatlar var ki, onlar qanunsuzluqlara yol verirlər və aidiyyatı qurumlar tərəfindən ifşa edilmələrinə ehtiyac var. Belə şəxslər nəinki vəzifədən uzaqlaşdırılmalı, hətta həbs edilməli, əmlakı isə müsadirə edilməlidir. Onların yerinə gənc, prespektivli, bacarıqlı, milli düşüncəli, vətənini sevən, ona sədaqətlə xidmət etməyə hazır olan şəxslərin, xüsusilə də gənclərin təyin edilməsi prosesi isə davam etməlidir”.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib ki, dövlətin əmlakına, xüsusən də aztəminatlı ailələrə ayrılan yardımlara göz dikən məmurlar ağır cəzaya məhkum olunmalıdırlar: “Məmur dedikdə yalnız icra hakimiyyəti başçıları gözönünə gəlməməlidir, bu sistemdə nazirlər, komitə sədrləri, dövlət strukturlarında yüksək vəzifədə oturanlar da var. Hər biri dövlətə, millətə, xalqa xidmət etməlidirlər. Dəbdəbəli həyat tərzi sürən məmurların fəaliyyəti araşdırılmalıdır. 900 manat maaş alan icra başçıları var ki, geniş biznes şəbəkəsinə malikdirlər, həm ölkədə, həm də xaricdə. Mən hökumətimizin korrupsiya və rüşvətxorluğa qarşı apardığı belə mübarizəni dəstəkləyirəm, bunun davamlı olacağına inanıram”.
“Olaylar”ın müxbiri Alim Hüseynlinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün genişmiqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir: “Dövlət başçısı və birinci vitse-prezident bütün mümkün olan və olmayan vasitələrdən istifadə edərək çalışırlar ki, Azərbaycan vətəndaşları pandemiyadan zərər görməsinlər, xüsusən əhalinin həssas təbəqəsi belə çətin vəziyyətdə ümidlərini itirməsinlər. Ona görə də bu təbəqədən olan vətəndaşlara maliyyə və ərzaq yardımı göstərilməsi təşəbbüsü ilə çıxış edilib və hazırda həmin kampaniya davam etməkdədir. İnsafən qeyd edilməlidir ki, dövlət başçısının məlum çağırışına imkanlı iş adamları, incəsənət xadimləri də qoşulub. Çox təəssüf ki, bir sıra yerli icra hakimiyyəti orqanları tərəfindən əhaliyə çatdırılmalı olan yardımın mənimsənilməsi, ictimai işlərə cəlb olunan vətəndaşlar üçün nəzərdə tutulan vəsaitin özünküləşdirməsi halları aşkar edilib. Belə ki, hüquq-mühafizə orqanları tərəfindən korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama kimi faktlar aşkar edilib. Maraqlı məqam ondan ibarətdir ki, dövlət başçısı icra hakimiyyətlərini təyin etdikdə onları şəxsən qəbul edir, tapşırıq və tövsiyyələrini verir. Seçilmiş kadrlara bir daha xatırladır ki, dövlət orqanının nümayəndələri korrupsiya və rüşvət halılarına yol verməməli, başlıca vəzifələri xalqa xidmət etmək olmalıdır. Lakin bütün edilən xəbərdarlıqlara baxmayaraq harınlamış icra strukturlarının rəhbərləri vətəndaşların haqqına girmiş olurlar”.
A.Hüseynlinin fikrincə, aşkar edilən faktlar deməyə əsas verir ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır. Təsadüfi deyil ki, bir müddət öncə ölkə prezidenti əhalinin korrupsiyaya qarşı mübarizədə fəal olmağa çağırmışdı. Məhz bunun nəticəsidir ki, son günlərdə həbs edilən rayon icra başçıları və icra nümayəndələrinin qanunsuz fəaliyyətləri barədə məlumatlar ictimaiyyət tərəfindən çatdırılıb. İnsanlar öz dövlət başçılarına etibar etdiklərindən yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qanunazidd əməlləri barədə məlumat verməkdən çəkinmirlər: “Həm də mövcud qanunvericiliyə görə, vəzifəli şəxslərin cinayət xarakterli əməlləri barədə məlumat verən şəxslərin anonimliyi qorunur. Məhz bu kimi amillər ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparılmasına imkan yaradır. Problem ondan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək üçün həmin qurumların özlərinin nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuralar yaradılıb. Məhz həmin şuraların tərkibində media nümayəndələri olmadığından fəaliyyətsiz bir quruma çevriliblər, başqa sözlə bütün baş verən qanunsuzluğa göz yumublar”.
Jurnalist Ələddin Qarayevin fikrincə, icra başçıları bir şeyi anlamalıdırlar ki, onların fəaliyyəti dövlət büdcəsini xərcləməklə məhdudlaşmır: “İcra başçıları rayona investorları cəlb etmək yarışına girməlidir. İnvestorlar peyda olanda isə başçılar iştahlarını bir az tox tutsunlar və bir imza qarşılığında investorlara ortaq olmağa can atmasınlar. Azərbaycan xalqı istedadlı xalqdır. Hamı üçün bərabər oyun qaydaları olarsa işgüzar insanlarımızın fərasəti hesabına vəziyyətdən çıxa bilərik. Əks halda vətəndaş da, dövlət də, hökümət də bu prosesdən zərər görəcək”.
Təhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllı isə bildirib ki, korrupsioner icra başçıları rayonlarda mənəvi terrorla məşğuldurlar.
Jurnalist qeyd edib ki, bu günlər həbs olunan icra başçıları rəhbərlik etdikləri rayonlarda korrupsiya ilə yanaşı, mənəvi terrorla da məşğul idilər. İndi də bu ampulada olan icra başçıları var. Bu adamların əməlləri insanları ruh düşgünlüyünə salır. Kiminin torpaq sahəsi əlindən alınır, kimisinin tikdiyi ev başına uçurulur, kimisinin biznesi iflasa uğradılır və. s. Bütün bunlar ölkə başçısının həyata keçirdiyi sosial, iqtisadi, mədəni siyasətlə daban-dabana ziddir: “Cəmiyyətdə belə bir təəssürat yaranır ki, rüşvətlə, korrupsiya ilə hər şey etmək mümkündür. Bu icra başçılarının, onların idarə etdikləri məmurların “xidmətləri” sayəsində rayonlarda mühüm vəzifələr, idarəedici orqanlar hərraca çıxarılır. Səriştəli, bacarıqlı kadrlar kənarda qalır. Nəticədə, rayonlarda təhsil, səhiyyə, mədəniyyət və digər sahələr geriləyir. Neftçala rayonunu götürək. Bu rayon hələ sovetlər dönəmindən öz iqtisadi potensialı ilə diqqət çəkib. Azərbaycan müstəqillik əldə etdikdən sonra rayonun iqtisadi inkişafı ilə bağlı bir sıra mühüm təkliflər, tövsiyələr səsləndirildi. Amma ötən 30 ilə yaxın bir müddət ərzində rayona normal bir icra başçısı gəlmədi ki, rayonun iqtisadiyyatının dirçəlməsi haqqında düşünsün, sosialyönümlü layihələr həyata keçirsin. Feodal təfəkkürlü bu adamlar ancaq öz mənfəətini düşündü. Rayon ildən ilə bu adamların sayəsində bataqlıq girdabında iməklədi. Problemləri yazan, göstərən adamlar təhqir olundu, söyüldü, rayona gəlişinə qadağa qoyuldu. Sizi əmin edirəm ki, rayona müxtəlif vaxtlarda rəhbərlik etmiş Fəzail Alışov, Taleh Qaraşov İsmayıl Vəliyevdən “5 çömçə” yuxarı idilər.
Bir məsələyə də diqqət yönəltmək istəyirəm. Bu gün mətbuat hazırda vəzifədə olan icra başçıları haqqında kifayət qədər informasiyaya malikdir. Saytlar, qəzetlər hər gün bu informasiyaları manşetə çıxarır. Həbs olunan icra başçıları haqqında da zaman-zaman belə yazıların şahidi olurduq. Çox yaxşı olardı ki, indi haqlarında bəhs olunan icra başçıları, məmurlar haqqında daha tez ölçü götürülsün. Çünki belələri mikrob, virus kimidirlər. Çox qaldıqca ətrafı daha çox bulaşdırırlar”...
Cavid