• 28 Noyabr 2020
logo
Azərbaycan Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında iştirak edib

Azərbaycan Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında iştirak edib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının 3 may Ümumdünya Mətbuat Azadlığı gününə həsr olunmuş onlayn konfransında iştirak ediblər. Tədbirin işinə Assosiasiyaya üzv təşkilatlardan 50-dək məruzə təqdim edilib və həmin sənədlər ətrafında müzakirə aparılıb. Bu sənədlər əsasən koronavirus pandemiyası dövründə dünyada media azadlığının durumu, mövcud sahədə üzv ölkələrdəki müxtəlif tendensiyalarla bağlı olub.
MŞ sədri Ə.Amaşov mövzuya dair çıxışında bildirib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət digər ölkələrlə müqayisədə stabildir. Dövlət pandemiya təhlükəsinin qarşısının alınması üçün tədbirləri zamanında görüb. "Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Xüsusi karantin rejimi elan edilib. Ölkə demək olar ki, qərargahın karantin rejiminə uyğun müəyyənləşdirdiyi fəaliyyət planı ilə idarə olunur. Azərbaycan mediası da pandemiya şəraitinə kifayət qədər adekvat reaksiya göstərir. Dövlətin həyata keçirdiyi tədbirlərə tam dəstək olur. Bu durumda Azərbaycan Mətbuat Şurasının fəaliyyəti əsasən 3 istiqaməti əhatə edib. İlk növbədə koronavirusla bağlı dezinformasiya xarakteri daşıyan materialların monitorinqini vurğulamaq istərdim. Monitorinq həm ənənəvi media vasitələrini, yəni qəzetləri və jurnalları, həm internet media resurslarını əhatə edib. Eyni zamanda telekanalların fəaliyyətini də diqqətdə saxladıq. Bundan başqa, xüsusən sosial şəbəkə materialların internet media orqanlarında yayılması dinamikasına diqqət yetirdik. Bilirsiniz ki, sosial şəbəkələrdə pandemiyanın təsirləri ilə bağlı müəyyən çaşdırıcı fikirlər yayılıb. Btün dünyada belə olub. Bu fikirlər cəmiyyətdə qorxu yaradır. Müsbət haldır ki, Azərbaycan mediası məsələyə həssas yanaşdı, başlıca olaraq rəsmi xəbərlərə istinad etdi. İkinci fəaliyyət kimi, Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirusla mübarizə dövründəki iş prinsiplərinə dair tövsiyələri barədə danışmaq istərdim. Martın əvvəlindən indiyədək 3 tövsiyə mətni yaymışıq. Bu tövsiyələrdə jurnalistlərin və redaksiyaların məsuliyyəti izah olunub. Başlıca olaraq jurnalistlərin özlərinin təhlükəsizliyi məsələsi önə çəkilib. Bu xüsusda onların dezinfeksiya qaydalarına əməl etmələrinin vacibliyi vurğulanıb. Eyni zamanda bildirmişik ki, zərurət olmadığı halda jurnalistlər onlayn fəaliyyətə üstünlük versinlər. Bundan başqa KİV rəhbərlərinin öz əməkdaşlarını koronavirus infeksiyası riski olan yerlərə təhlükəsiz şəraitdə getmələrinə diqqət yetirməli olduqlarını bildirmişik. Mətbuat Şurasının üçüncü fəaliyyəti bilavasitə jurnalist fəaliyyətinin tənzimlənməsi olub. Azərbaycandakı xüsusi karantin rejimində bir çox sahələr var idi ki, fəaliyyəti dayandı. Ancaq Operativ Qərargah kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verdi. Bu durumda bəzi anlaşılmazlıqlar da meydana çıxırdı. Bu durumlarda Mətbuat Şurası jurnalistlərlərlə dövlət qurumlarının işinin əlaqələndirilməsinə kömək edirdi. Bunun üçün Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu yaratdıq. Ümumən çalışdıq ki, jurnalistlər tam maneəsiz şəkildə fəaliyyətlərini yerinə yetirsinlər. Eyni zamanda onların təhlükəsizliyi də diqqətimizdədir. İndiyədək Şuraya jurnalistlərin koronavirusa yoluxmaları ilə bağlı məlumat daxil olmayıb", - deyə Ə.Amaşov vurğulayıb.
Konfransdakı müxtəlif çıxışlarda koronavirus şəraitində müəyyənləşmiş qaydaları pozan jurnalistlərin, həmçinin KİV-lərin ciddi cərimələrlə üzləşdikləri bildirilib. Buna səbəb yayılmış dezinformasiyalardır. Ümumən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilatların məxsus olduqları ölkələrdə youtube kanalı, saytlar və qəzetlər daxil olmaqla ümumilikdə 100-dən çox informasiya resursunun fəaliyyətinin dayandırılmasına səbəb məhz koronavirusla bağlı yalan bilgilərin yayılmasıdır. Tədbirdə mövcud istiqamətdə geniş fikir mübadiləsi aparılıb. Pandemiya şəraitinin bütün dünya üzrə aktual əhəmiyyət daşıdığı indiki dövrdə Assosiasiyanın KİV-lərə peşəkarlıq tövsiyələrinin hazırlanması təklif edilib. Bu istiqmətdə işlərin davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. MŞ sədri Əflatun Amaşov Assosiasiyanın ötən ilin sentyabrında Bakıda keçirilmiş toplanısında qurumun sədrinin birinci müavini seçilib.
Onu da bildiririk ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında Avropanın, Asiyanın və Afrikanın ümumilikdə 20-dən artıq ölkəsinin media təşkilatı təmsil olunur.