• 28 Noyabr 2020
logo
TƏBİB: Qaydaları pozduğuna görə vəzifədən azad edilən, barəsində inzibati tənbeh tədbiri görülən tibb işçiləri var

TƏBİB: Qaydaları pozduğuna görə vəzifədən azad edilən, barəsində inzibati tənbeh tədbiri görülən tibb işçiləri var

“Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin bir otaqda kütləvi şəkildə toplaşaraq tədbir keçirməsi barədə məndə heç bir məlumat yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu məsələ ilə maraqlanacaq: “Əgər həqiqətən onların TƏBİB tərəfindən müəyyənləşdirilən qaydalara riayət etmədiyi üzə çıxarsa, onlar ciddi şəkildə cəzalandırılacaq”.
R. Bayramlı qeyd edib ki, son vaxtlar qaydalara riayət etməyən tibbi müəssisələri barədə tədbirlər görülüb: “Həkimlərimizin böyük əksəriyyəti bu işdə canla-başla, fədakarcasına xidmət göstərirlər. Təəssüf ki, bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz yanaşanlar da var. Biz onlarla mübarizə aparırıq. Hətta bir tibb müəssisəsinin rəhbəri barədə ölkə başçısına məruzə olunub. Vəzifədən azad edilənlər, barələrində inzibati tənbeh tədbirləri görülənlər də var. Gəncə, Goranboy, Göygöl və digər yerlərdə də bu faktlar olub. Harada qaydalara əməl edilməyəcək, orada ciddi cəza tədbirləri olacaq. Fədakarcasına iş görülən yerlərdə isə təltiflər olacaq. 27 yanvardan sonrakı dövrdə TƏBİB-ə daxil olan tibb müəssisələrinin tibb işçilərinin bir qrupu pandemiya, bir qrupu isə ölkədəki tibb müəssisələrinin fəaliyyətini normallaşdırmaqla məşğuldurlar. Həm pandemiya ilə bağlı, həm də digər fəaliyyətlə bağlı qüsur görsək, qüsurların aradan qaldırılması üçün onlara şans verəcəyik. O şansdan yararlananlar öz fəaliyyətini davam etdirəcək. Əgər şansdan yararlana bilməsələr, biz onların fəaliyyətinə son qoymalı olacağıq və daha fədakar olanları, bacarıqlıları önə çəkəcəyik".