• 4 Dekabr 2024
logo
Banqladeş hökumətinin başçısı: Əczaçılıq şirkətləri sosial biznes şirkətləri olmalıdır

Banqladeş hökumətinin başçısı: Əczaçılıq şirkətləri sosial biznes şirkətləri olmalıdır

“İndiki dövrdə əczaçılıq şirkətləri, qazanc əldə edən şirkətlər deyil, sosial biznes şirkətləri olmalıdır”.

APA xəbər verir ki, bunu Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus COP29 çərçivəsində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində deyib.

O bildirib ki, bu gün bəzi ölkələrin peyvənd almaq imkanı yoxdur: "Peyvəndlərin 80%-i 10 ölkəyə göndərilir. 10 ölkənin hansılar olduğunu bilirsiniz. Ona görə də dedim ki, biznes və sağlamlıq mənfəətə görə qarışıq bir problemə çevrilir. Bütün əczaçılıq şirkətlərini sosial biznes şirkətlərinə çevirməliyik. Yəni bu şirkətlər pul qazanmaq üçün olmamalıdır. Bu şirkətlər insan həyatının xilasına həsr edilməlidir. Dedilər ki, bunu etmək mümkün deyil. Həyatımız boyu ölkəmiz sosial bizneslə məşğul olub və bu, bütün dünyaya yayılmaqdadır”.

O qeyd edib ki, bir qəpiklik dərman bazarda dollara satılmamalıdır: “İnsanlar bunu ödəyə bilməlidir. Əlverişlilik və texnologiya çox vacibdir. Dərman biznesi daha çox pul xərclənməsi üçün fırıldaqçılığa çevrilir. Və heç kim bu barədə heç nə demir. Buna etiraz edəcək heç bir tənzimləyici orqan yoxdur".

Məhəmməd Yunus çıxışında onu deyib ki, bugünkü gənc nəsil bütün bəşər tarixində ən güclü nəsildir: “50 yaş xəttini götürsəniz, əhalinin üçdə ikisi 50 yaşdan aşağıdır. Yəni gənclərin olduğu bir ölkədən danışırsınızsa, bu, Banqladeşdir. Dünyaya bu insanların gözü ilə baxmadan heç nə edə bilməzsiniz”.