Orta ümumtəhsil müəssisələrində son aylarda keçirilməyən mövzular üzrə sualların qəbul imtahanına salınmaması məsələsinə müsbət baxıla bilər.
Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları ötən il apreldə keçirilmişdi:
“Dövlət İmtahan Mərkəzi (DİM) dəfələrlə bildirib ki, aprel-mayda olan mövzuların sualları apreldəki imtahanlara daxil edilmir. Qəbul imtahanları isə normal halda iyunda keçirilir. DİM imtahan proqramlarını əvvəlcədən elan edir. Hazırda onlayn dərslər də keçirilir. Son 2-3 aydakı mövzular üzrə sualların imtahana salınmaması məsələsinə müsbət baxıla bilər. Bu məsələdə bir problem görmürük. Bəzi suallar müəyyən bacarıqları yoxlayır. Bəzi suallar isə mövzulara aiddir".