• 25 Sentyabr 2020
logo
DİM otk.az portalına şagird və abituriyentlər üçün yeni sınaq imtahanları əlavə edib

DİM otk.az portalına şagird və abituriyentlər üçün yeni sınaq imtahanları əlavə edib

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Qurumdan verilən xəbərə görə, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 28883 istifadəçi tərəfindən 74334 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Bu gün portala 11-ci sinif şagirdləri üçün buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanı modelinə uyğun yeni ödənişsiz sınaq imtahanı, həmçinin 4-cü sinif şagirdləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin bütün bölmələri əsasında qiymətləndirmə tapşırıqları yerləşdirilib. Burada “Azərbaycan dili” dərsliyinin 8, “Riyaziyyat” dərsliyinin 6 bölməsinin hər biri üzrə 10 tapşırıq olan test blokları təqdim edilir. Şagirdlər mövzuları necə mənimsədiklərini bu materiallarla yoxlaya bilərlər.

Qeyd edək ki, portalda artıq şagirdlər 4-cü sinifdən başlayaraq 11-ci sinfədək fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək imkanına malikdirlər.