• 14 Noyabr 2024
logo
Elşad İskəndərov: Əsas hədəflərimizdən biri COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulmasıdır

Elşad İskəndərov: Əsas hədəflərimizdən biri COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulmasıdır

“İqlim dəyişikliyi ölkələrin təhlükəsizliyi üçün mühüm məsələdir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, iqlim dəyişikliyi insan yerdəyişməsinə gətirib çıxarır, insanların günlük həyatına maneələr yaradır: “COP29 çərçivəsində əsas müzakirə mövzumuz su təhlükəsizliyi, iqlim dəyişikliyi nəticəsində insan miqrasiyasının qarşısının alınması, torpaqların deqradasiyası və s. olacaq. COP29-da iqlim dəyişikliyi ilə sülh arasında bağlantılar olduğu qeyd edilib. Sülh və iqlim dəyişikliyi arasında qarşılıqlı təsirin aydınlaşdırılması üçün analitik hesabatın hazırlanmasına ehtiyac var. COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulması bizim əsas hədəflərimizdən biridir”.

Səfir qeyd edib ki, Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində indiyədək keçirilmiş analoji sessiyaların, yəni, COP-ların yekununda qəbul olunan sənədlər nəzərdən keçiriləcək.

Elşad İskəndərov bildirib ki, COP29 sədrliyi çərçivəsində bütün üzv dövlətlərinin iştirakı ilə 70-ə yaxın ölkənin iştirakı ilə UNFCCC SP-nin 60-cı Sessiyasının keçirilməsi planlaşdırılır:

“Eyni zamanda Afrikada keçirilmiş ASFAN forumunda irəli sürülən təşəbbüslərin icrası davam etdiriləcək. COP29 çərçivəsində Şamaxı şəhərində bu ölkələrin nümayəndələrinin iştirakı ilə görüş və dəyirmi masa da nəzərdə tutulur. Bununla yanaşı, Afrika ölkələrinin iştirakı ilə ayrıca bir dəyirmi masa formatlı görüş keçiriləcək. Bu kimi görüşlərdə əsas mövzu qismində UNGA-79 ölkələrinin iqlim maliyyəsi prosesində iştirakı müzakirə olunacaq. COP29 çərçivəsində "mavi zonada" BMT-nin də iştirakı ilə faydalı diskussiyalar aparılacaq".

E.İsgəndərov əlavə edib ki, COP29-un gedişində irəli sürüləcək daha bir təşəbbüsü isə "Bakı habı"nın yaradılması, bu habın məqsədlərindən biri isə informasiya və təcrübə mübadiləsi istiqamətində tədbirlərin görülməsindən ibarətdir:

"Müharibələrin iqlim dəyişikliyinə təsiri, eləcə də qida çatışmazlığı ilə bağlı həllərin təklifi bu elementlərdən biridir. Eyni zamanda biz kənd təsərrüfatı sahəsindəki problemləri də gündəmə gətirmək niyyətindəyik. Eyni zamanda torpaq ehtiyatlarının mühafizəsi üzrə təşəbbüslər təklif etmək istəyirik. BMT-nin bu istiqamətdə mövcud konvensiyası torpaq ehtiyatlarının mühafizəsinin elementlərini özündə birləşdirir. Münaqişələrin səbəb olduğu miqrasiya və bu zaman təbii ehtiyatların insanlar üçün əlçatanlığını təmin etmək üçün təşəbbüslər irəli sürmək niyyətindəyik. Bu çağırışların tərkib hissəsi kimi bütün COP-ların yekununda qəbul olunan sənədlər də Bakıda nəzərdən keçiriləcək. Əsas məqsədimiz xüsusilə də dayanıqlı inkişaf sahəsində effektiv tərəfdaşlığın qurulmasından ibarətdir".