• 5 Noyabr 2024
logo
Bu gün Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

Bu gün Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

Hər il oktyabrın 4-də bütün dünyada Ümumdünya Heyvanlar Günü və ya Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur.

AZƏRTAC xatırladır ki, həmin ekoloji təqvim 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən Təbiət Dəstəkçilərinin Beynəlxalq Konqresində təsis edilib və bəşəriyyətin diqqətini planetin digər sakinlərinin problemlərinə cəlb etmək məqsədi daşıyır.

Dörd oktyabr tarixi ona görə seçilib ki, bu gün heyvanların himayəçisi sayılan katolik müqəddəs Assisi Fransiskinin (1181/1182 - 1226) anım günü kimi tanınır. Bir sıra ölkələrdə kilsələr Ümumdünya Heyvanlar Gününü ya oktyabrın 4-də, ya da həmin tarixə yaxın bir gündə qeyd etmək üçün mərasimlər keçirirlər.

Heyvanları mühafizə cəmiyyətləri hər il bu günə həsr olunmuş müxtəlif kütləvi maarifləndirici və xeyriyyə tədbirləri və kampaniyalar təşkil edir.

Hər saatda üç növ heyvan yoxa çıxır

Ümumdünya Təbiət Fondunun (WWF) məlumatına görə, Yer kürəsində hər saatda üç növ heyvan yoxa çıxır.

Planetdə hər gün 70 flora və fauna növü yox olur. Belə davam edərsə, yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddə biri mövcudluğunu itirəcək. 1970-2016-cı illər arasında məməlilərin, quşların, suda-quruda yaşayanların, sürünənlərin və balıqların populyasiyaları orta hesabla 68 faiz azalıb.

Ona görə də Ümumdünya Heyvanların Mühafizəsi Günü ətraf mühitin qorunmasının zəruriliyi barədə ictimaiyyətin məlumatlığını artırmaq və heyvanların mühafizəsində fəallığı artırmaq məqsədilə müəyyən edilib.

Üstəlik, bu, təkcə vəhşi heyvanların deyil, həm də ev heyvanlarının qorunmasına aiddir, çünki onlara qarşı qəddarlıq nümunələri son illərdə getdikcə çoxalır. Bir çox Qərbi Avropa ölkələrində ev heyvanları ailənin bir hissəsi hesab olunur və digər ailə üzvləri ilə eyni hüquqlara malikdir.

Son illər dünyanın müxtəlif ölkələrində Ümumdünya Heyvanlar Gününə həsr olunmuş tədbirlər keçirilir.

Azərbaycanın fauna aləmi

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatıb.

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb.

Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsində “Qırmızı kitab”ın rolu böyükdür. 2023-cü ilin mayında çap olunan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223 idi. Təəssüf ki, “Qırmızı kitab”a düşən növlərin sayında artım var. Buna səbəb antropogen təsirlərlə yanaşı, iqlim dəyişiklikləri və fauna növləri haqqında məlumatın kitab çap olunana qədər kifayət qədər olmamasıdır. Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, onlardan 35 növü onurğasızlar, 25 növü isə onurğalılardır. Əvvəlkilərdən fərqli olaraq çəhrayı siyahı da tərtib edilib. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var. Buna baxmayaraq, çəhrayı siyahıdakı növlər həmişə nəzarət altında olmalıdır, əks halda yenidən məhvolma təhlükəsi ilə üzləşə bilərlər. 42 fauna növü çəhrayı siyahıya salınıb. Üçüncü nəşrə 35 həşərat növü daxil edilib, ikinci nəşrdən 25 növ həşərat isə çəhrayı siyahıya keçirilib. Suda-quruda yaşayanlarda dəyişiklik edilməyib, 6 növ olduğu kimi qalıb. Sürünənlərdən isə dörd növ əlavə olunaraq ümumiyyətlə 18 növ daxil edilib. Quşlardan 10 növ çəhrayı siyahıya keçirilib, 10 yeni növ son nəşrə daxil edilib. Məməlilərdən isə 6 növ çəhrayı siyahıya əlavə edilib, üç yeni növ isə sonuncu nəşrə salınıb.

Azərbaycanda 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması ilə bağlı layihə həyata keçirilir. Ölkəmizdə ceyranların, zubrların reintroduksiyası, bəbirlərin populyasiyasının bərpası ilə əlaqədar layihələr icra olunub. Nəcib maral, bezoar keçiləri, tirəndaz, Şərqi Qafqaz turu, köpgərin də təbii areallarının bərpası istiqamətində işlər görülür.