• 4 Dekabr 2024
logo
Qazaxıstan və Azərbaycan təhsil sahəsində təcrübə mübadiləsi aparırlar

Qazaxıstan və Azərbaycan təhsil sahəsində təcrübə mübadiləsi aparırlar

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Qazaxıstanın Milli Test Mərkəzində olub.

AZƏRTAC Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, görüş zamanı tərəflər test tapşırıqlarının hazırlanması və sınaqdan keçirilməsində qarşılıqlı əlaqə və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Biliyin qiymətləndirilməsinin obyektivliyini və keyfiyyətini təmin etmək üçün əsas aspektlər olan test tapşırıqlarının və pedaqoji meyarların məlumat bazasının yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.

Milli Test Mərkəzinin direktoru Bolatbek Abdrasilov öz təcrübəsindən və Qazaxıstanda tətbiq olunan qabaqcıl texnologiyalardan bəhs edib.

Öz növbəsində, Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədr müavini Namiq Babayev Azərbaycanda tətbiq olunan metodlardan danışıb, təmsil etdiyi qurumun qazaxıstanlı həmkarları ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Müzakirə zamanı ümumi cəhətlər müəyyən edilib və birgə işin perspektivli istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, qarşılıqlı fəaliyyət həm Qazaxıstanda, həm də Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım ola bilər.

Görüşdən sonra tərəflər dialoqun davam etdirilməsi və birgə layihələrin hazırlanması barədə razılığa gəliblər. Vurğulanıb ki, fəal əməkdaşlıq beynəlxalq əlaqələrin möhkəmlənməsi və hər iki ölkənin təhsil sistemlərinin təkmilləşdirilməsinə mühüm töhfə olacaq.