Aprelin 24-də Təhsil naziri Ceyhun Bayramov nazirlik aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans formatda görüş keçirib.
APA Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, videokonfransı giriş sözü ilə açan Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb.
Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.