• 9 Sentyabr 2024
logo
Beş ölkənin “Xəzər günü”

Beş ölkənin “Xəzər günü”

Son illər ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.
Aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Həmin tədqiqatlara əsasən 100 il əvvəl Xəzərin səviyyəsi 2 metr yüksək olub. XX əsrin 30-cu illərində səviyyə 1.5 metr enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə hər il dənizin səviyyəsi 10 santimetr enir. Həmin dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır.
Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Dənizin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir.
Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.
Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.
Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.
2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Konvensiyanın imzalanması BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər Ekoloji Proqramı çərçivəsində 8 illik hökumətlərarası danışıqların kuliminasiya nöqtəsi olub. BMT-nin keçmiş Baş Katibli Kofi Annan bildirib ki, Tehran Konvensiyasının imzalanması regionun mühüm nailiyyətidir: “Belə mühüm sazişin ratifikasiyası isə yüz milyonlarla insanın sağlamlıq və rifahına xidmət edəcək”.
Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bu günə qədər qorunub saxlanılan ən zəngin flora və fauna aləmi, mübaliğəsiz, bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır.
Biomüxtəlifliyin Mühafizəsi Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, son illər, yəni 2020-2023-cü illərdə Xəzər dənizinə və Xəzərə axan çaylara 20 milyon 600 mindən çox balıq körpəsi buraxılıb.
Bütövlükdə regionumuzda Xəzər böyük iqlim əmələgətirən təsirə malikdir. Eyni zamanda, Xəzər və dəniz ekosistemi iqlimin istiləşməsinə həssasdır. Qlobal temperaturun sürətlə artması son onilliklərdə özünü daha güclü göstərməkdədir. Bu, ümumilikdə azalan su ehtiyatlarından istifadənin artması fonunda dənizə axan çayların axınının azalmasına gətirib çıxarır. Digər tərəfdən, temperaturun artması dəniz səthindən buxarlanmanın artmasına səbəb olur.
XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin, 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddət ərzində səviyyə (-26,5 Bs) həddinə çatdı. Bu da 18 il ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bu günə qədər, 28 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qeyd edib ki, hazırda Xəzərin səviyyəsi dünya okean səviyyəsindən 28,6 metr aşağıdır. Keçən əsrin minimumundan isə bizi 40 sm fərq ayırır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın sözlərinə görə Xəzər dənizinin səviyyəsinin dinamikasının proqnozlaşdırılması mürəkkəb və mübahisəli məsələlərdəndir. Xəzərin qapalı su hövzəsi olduğunu nəzərə alaraq, çay axını, yağıntı miqdarı və buxarlanma üzərində aparılan hesablamalarla onun su balansının proqnozu verilə bilər. Lakin, bu komponentlərin hər birinin proqnozunda çox böyük qeyri-müəyyənliklərlə üzləşirik. Alimlər Xəzərə axan çayların sululuğunu bilsələr də, əslində bu suyun nə qədərinin dənizə çatacağı məlum deyil. Həmçinin, qeyri-iqlim amillər, məsələn, Xəzərin dibində tektonik proseslər də baş verir. Bu baxımdan, dəniz səviyyəsinin real azalması ilə bağlı gələcək tendensiyaların proqnozlaşdırılmasında yalnız iqlim modelləşdirməsinə etibar etmək kifayət deyil. Hələ ki, heç kim Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəqiq dinamikasını proqnozlaşdıra bilməyib.
Qarşıdakı illərin tendensiyaları isə Xəzəryanı ölkələrin alim və mütəxəssisləri tərəfindən müzakirə olunur. Xatırladaq ki, ötən il Azərbaycan tərəfinin təşəbbüsü ilə beynəlxalq konfrans təşkil edilmişdi və bu konfransda iqlim dəyişmələri nəticələrinə uyğunlaşmanın mümkün ssenariləri və tədbirləri müzakirə edilmişdi.
Əvvəlki illərdə olduğu kimi, bu il də avqustun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana aid bölməsinin şimaldan cənuba bütün sahil ərazilərində silsilə tədbirlər keçiriləcək. Vətəndaş cəmiyyəti institutları da prosesə qoşulublar.
Məsələn, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə hər il avqustun 12-də Xəzər Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası keçirilib. Ötən il də İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə baş tutan təmizlik aksiyası Bilgəh qəsəbəsində yerləşən çimərlikdə 100 nəfərdən çox könüllü gəncin iştirakı ilə həyata keçirilib. Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərətrafı sahillərin çirklənməsinin qarşısının alınması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlik ərazisindəki məişət tullantılarını toplayaraq, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verib. Daha sonra iştirakçılar və yerli əhali Xəzər dənizinin sahilində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında təşkil olunan tədbirdə iştirak ediblər. İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorinalar keçirilib, qum üzərində müxtəlif oyunlar, velosiped gəzintisi, çimərlik voleybolu və çərpələng uçurtma kimi əyləncələr təşkil olunub. Xəzər Günü Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən “Şah Dili”yə səyahətlə yekunlaşıb.
“Xəzər günü”nün Xəzəryanı dövlətlərdə hər il qeyd edilməsində əsas məqsəd də dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Bununla əlaqədar Azərbaycanda da hər il “Xəzər günü”nə xüsusi önəm verilir, Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyyətin nümayəndələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir.

Cavid