• 20 Oktyabr 2020
logo
Məleykə Abbaszadə: "İmtahanların yeni qrafiki yaxın 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq"

Məleykə Abbaszadə: "İmtahanların yeni qrafiki yaxın 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq"

“Xüsusi karantin rejimi Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının qarşısının alınması və insanların həyatının qorunması üçün 4 may tarixinə qədər uzadılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzinin işində də yanvar ayından elan olunan qrafikə dəyişiklik etmişik”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.
O deyib ki, yanvarda qrafikin bir hissəsi təsdiq olunaraq elan edilib: “Martın 1-də IX siniflər üçün Bakı, Naxçıvan və Şirvan üzrə buraxılış imtahanı etdik. Amma daha sonra karantin rejiminə görə digər imtahanlar təxirə salındı. Hazırda mart və aprel ayında olan imtahanlar keçirilməyib deyə imtahan qrafikləri üzərində yenidən işləməliyik. Yeni imtahan qrafiki yaxın 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq. Operativ Qərargahın qərarlarına əməl etməliyik. Hazırda Qərargahda olan məlumat budur ki, mayın 4-dən karantin rejimindən tədricən çıxacağıq. Biz də həmin qaydalara uyğun imtahanları yeni qrafiklə ictimaiyyətə təqdim edəcəyik. Bunu dərk etmək lazımdır ki, əsas məqsəd indi sanitar-gigiyenik qaydaları yerinə yetirmək, insanların sağlamlığını qorumaq və həm iştirakçı, həm də imtahanda çalışacaq insanlar üçün heç bir təhlükə yaratmamaqdır”.