• 8 Dekabr 2024
logo
Əlilliyi olan şəxslər nazirlik və BP-nin birgə layihəsinə cəlb edilmək üçün Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər

Əlilliyi olan şəxslər nazirlik və BP-nin birgə layihəsinə cəlb edilmək üçün Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasında 100 nəfər əlilliyi olan şəxsin məşğulluq inkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və nazirliyin əməkdaşlarının British Council şirkətinin direktor müavini Nigar Baimova, BP şirkətinin nümayəndəsi Vüsal Əliyev, Layihə üzrə menecer Flora Poladova və b. ilə nazirlikdə keçirilən görüşündə vurğulanıb.
Qeyd edilib ki, proqramda iştirak etmək istəyən əlilliyi olan şəxslər Məşğulluq Mərkəzlərinə avqustun 1-dək müraciət edə bilərlər. Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək.
Layihənin ikinci fazası çərçivəsində sentyabr 2019 – may 2020-ci il müddətində ingilis dili, kompyuter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək.
Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcəkdir. Ən başlıcası, iştirakçılar təlimlərdən faydalanaraq öz gələcək karyeralarını uğurla qurmaq imkanı qazanacaqlar.
Görüşdə layihənin davam etdirilməsi üzrə görüləcək birgə işlər müzakirə olunub.