• 22 İyul 2024
logo
COP-un ən yaxşı tədbirlərindən biri Bakıda olacaq

COP-un ən yaxşı tədbirlərindən biri Bakıda olacaq

Bakı bu il noyabrda keçiriləcək COP29-a sürətlə hazırlaşır. Tədbirin möhtəşəmliyi indidən beynəlxlaq ekspertlərin fikirlərində yer alıb.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda COP29 keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Mərkəzi Asiya, davamlı inkişaf üzrə beynəlxalq ekspert, iqlim dəyişikliyi fəalı, Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi və direktoru Qayser Nəvab bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi əhəmiyyətlidir. Bu, ölkənin qlobal miqyasda ekoloji problemlərin həllinə sadiqliyini vurğulayır. Qarşıdan gələn konfrans xalqların birləşməsi və iqlim dəyişikliyinə qarşı qətiyyətli addımlar atması üçün mühüm məqam olacaq.
O qeyd edib ki, bu sessiya çox mühim hadisələrlə yadda qalacaq: “Eyni zamanda torpaqların bərpasının, səhralaşmanın dayandırılmasının və quraqlığa davamlılığın yaradılmasının vacibliyi ümid edirik ki, bu sessiyada vurğulanacaq. Bu məsələlərin iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və resurs qıtlığı ilə dərin qarşılıqlı əlaqəsi qeyd edilməlidir. Bu çağırışlar effektiv liderlərdən xalqları bir araya gətirməyi, əməkdaşlığa kömək etməyi və vahid diplomatik cavab tələb edir. Bu məqamda Azərbaycanın rolunu yüksək qiymətləndirmək lazımdır. Azərbaycan planetin və onun insanlarının çiçəkləndiyi möhkəm gələcəyə nail olmaq məqsədi ilə birgə səylər və güclü diplomatik əlaqələr vasitəsilə ətraf mühitin qorunmasına dair kollektiv öhdəliyi bir daha təsdiqləyir. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji davamlılığa sarsılmaz sadiqliyi, regional və beynəlxalq diplomatiyadakı liderliyi yüksək qiymətləndirilməlidir. Azərbaycanın torpaqların bərpası və ətraf mühitin mühafizəsi sahəsində mühüm nailiyyətləri, eyni zamanda Qoşulmama Hərəkatına uğurlu sədrlik onun uğurlu siyasəti ilə bağlıdır. Bununla Azərbaycanı beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nümunəsi kimi görmək olar”.
BƏƏ-nin rəqabətqabiliyyətlilik və biliklərin mübadiləsi nazirinin müavini Abdulla Nasser Luta isə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla keçiriləcək və Dubayda təşkil edilən COP28-in davamı olacaq.
“Əminik ki, bu, COP-un ən yaxşı tədbirlərindən biri olacaq. İlin ən yüksək əhvali-ruhiyyədə başa çatmasında Azərbaycana uğurlar arzulayırıq. Biz həmçinin 2025-ci ilin fevralında keçiriləcək Dünya Hökumət Sammitində Azərbaycandan olan nümayəndə heyətini qarşılamağı səbirsizliklə gözləyirik. Bu tədbirdə ölkəniz bütün dövlət sektorlarında ən yaxşı təcrübələrini təqdim edə biləcək”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və BƏƏ nazirləri arasında təcrübə mübadiləsi üçün bugünkü forum iki ölkənin bilik, təcrübə və gələcəyə baxışlarını bölüşməkdən ötrü bir araya gəldiyi ilk belə tədbirdir:
“Proqram BƏƏ ilə Azərbaycan arasında 2023-cü ilin fevralında imzalanmış təcrübə mübadiləsi proqramının nəticələrindən biridir”.
Nazir müavini ölkəsinin Azərbaycanla bütün sahələrdə daha sıx tərəfdaşlığa ümid etdiyini qeyd edib.
BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi bu gün "Azercell Telecom"MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə deyib ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin artırılması haqqında qərar qəbul oluna bilər.
"COP29 əslində sadəcə bir konfrans deyil, bir prosesdir və bu ilki tədbirdən bəzi nəticələr gözlənilir. Bunlardan biri maliyyə məsələsidir. Belə ki, 2015-ci ildə Paris Sazişini imzalayan tərəflər üzərinə belə bir öhdəlik götürdü ki, 2020-ci ilə kimi hər il inkişaf etməkdə olan ölkələrdə bu sahəyə ayrılacaq vəsait 100 milyard ABŞ dolları həcmində olacaq. COP29-da bu rəqəmə yenidən baxılacaq və düşünürük bu rəqəm artırılacaq. Baxmayaraq ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir qərar bütün iştirakçılar tərəfindən veriləcək",- deyə o qeyd edib.
Yeri gəlmişkən, ABŞ-nin paytaxtı Vaşinqtonda "İqlim dəyişikliyi və Azərbaycanın COP29-a sədrliyi" mövzusunda tədbir keçirilib.Ölkəmizin ABŞ-dəki səfiri Xəzər İbrahim Vaşinqton şəhərinin Beynəlxalq Tələbə Evində hibrid formatda keçirilən tədbirdə çıxış edib.Tədbirdə səfir X.İbrahim iqlim dəyişikliyi və Azərbaycanın COP29-a sədrliyi barədə iştirakçıları məlumatlandırıb.
Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə COP29 sədrliyindən daha çox öncə başladığını vurğulayaraq, ölkənin külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri üçün böyük potensiala malik olduğunu qeyd edib. Səfir bu xüsusda əməkdaşlığın davam etidirilməsinin vacibliyindən bəhs edib.
X.İbrahim, həmçinin Azərbaycanın COP29-a sədrliyi zamanı əsas prioritetlərdən birinin iqlim maliyyəsi olduğunu deyib.
Diplomat COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisinin illər əvvəlki və hazırkı vəziyyətindən, eləcə də bundan əvvəl "Qara şəhər" adı ilə tanınan ərazidən və "Ağ şəhər" konsepsiyasından söz açıb.
Tədbirdə qonaqlara Azərbaycan və ölkəmizin COP29 sədrliyinə dair video-çarxlar təqdim olunub, daha sonra sual-cavab sessiyası baş tutub.
Sonda xarici qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.
Onu da qeyd edək ki, Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ COP29-la bağlı dəstək bəyanatı yayıb.
Bəyanatda deyilir: “Son bir neçə ildə bütün dünyada mənfi təsirləri müşahidə olunan iqlim dəyişikliyinin faciəvi nəticələrinin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlıq zəruridir. Dünyada qəbul olunmuş ümumi prinsiplər var. Beynəlxalq miqyasda həmrəylik nümayiş olunmalıdır. Özümüzü bəşəri və sivil dünyanın bir hissəsi hesab etməliyik. Bunun üçün hər bir ölkə qlobal məsuliyyət hiss etməlidir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasını çox böyük sevinclə qarşıladıq. Bu, Azərbaycanın trenddən geri qalmamasının bariz nümunəsidir. COP29 Azərbaycanın dünya siyasətinə əsaslı təsir imkanlarına malik olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq qurumlarda mövqelərinin gücləndirilməsinə müsbət təsiri olacaq.
Dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılması istiqamətində də Küveyt-Azərbaycan əməkdaşlığı müsbət effekt verə bilər. Xüsusən yaşıl iqtisadiyyatın yaranması, bu istiqamət üzrə yeni bacarıq və biliklər haqqında Azərbaycan təcrübəsi Küveyt dövləti üçün vacibdir. Azərbaycanda yaşıl iqtisadiyyat davamlı olaraq inkişaf edir. Cəmiyyət ekoloji problemləri həll etməyə və daha davamlı təcrübələrə keçid etməyə çalışır. Təsadüfi deyildir ki, bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunub. “Yaşıl Dünya naminə Həmrəylik İli” dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsirini gücləndirəcəyinə əminik.
Belə beynəlxalq tədbirlərin keçirilməsi hər bir dövlətin üzərinə çox böyük məsuliyyət qoyur. Azərbaycanda bu günə qədər bir çox beynəlxalq tədbir keçirilib və təşkilatçılıq baxımından artıq Azərbaycan əhəmiyyətli təcrübəyə malikdir. İnanırıq ki, COP29 da Azərbaycan dövləti tərəfindən böyük müvəffəqiyyətlə keçiriləcək. Küveyt və Ərəb Elektron Media Birlikləri olaraq qeyd edilən beynəlxalq tədbirlə bağlı Küveyt və ərəb dünyası mediasında məlumatlandırma işinə öz töhfəmizi verməyə çalışacağıq.
Azərbaycan tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunub və icra edilməkdədir. Bu da Azərbaycanın növbəti onilliklər ərzində uğurlu və sürətli inkişafını təmin etməyə əsas verir”.

Cavid